Məhkəmə qərarları › İş №2(043)-1274/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1274/2020

18.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1274/2020 18.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh gəlirlərindən (qazancından) birgə nikahdan olan 09.08.2010-cu il təvəllüdlü x3 və 12.03.2013-cü il təvəllüdlü x1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün həray hər uşağa 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehin maddi imkanının aşağı olmasını nəzərə alıb hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin kəsilməsini xahiş etdi. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 09.08.2010-cu ildə Təmkin və 12.03.2013-cü ildə Dəniz adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından artıq bir aydan çoxdur ki, cavabdehlə faktiki ayrılmışlar və ayrı yaşayırlar. Azyaşlı uşaqları onunla birlikdə qalırlar. Cavabdeh ayrıldıqdan sonra ona və onun himayəsində olan azyaşlı övladlarına heç bir maddi köməklik göstərmir, öz üzərinə düşən valideyinlik borcunu yerinə yetirmir. Cavabdeh iddia tələbini qəbul edərək hər iki uşağa görə cəmi 200 manat ödəməyə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 029221 nömrəli və AZ-İİ 496615 nömrəli doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 12.03.2013-cü ildə Dəniz və 09.08.2010-cu ildə Təmkin adlı uşaqları anadan olmuşdur; AZ-İ 558564 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları 05 aprel 2010-cu ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 115 nömrə ilə qeydə alınmışdır; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 05.04.2010-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından 09.08.2010-cu ildə Təmkin və 12.03.2013-cü ildə Dəniz adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri baş tutmadığından tərəflər faktiki olaraq ayrı yaşayır, uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla, cəmi:- 200 manat aliment kəsilməsini xahiş etmiş, cavabdeh hər ay hər uşağa görə 100 manat cəmi 200 manat ödəməyə etirazı olmadığını bildirmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi:-200 (iki yüz) manat məbləğində alimentin tutulması məqsədə müvafiqdir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. 09.08.2010-cu ildə anadan olmuş x2 və 12.03.2013-cü ildə anadan olmuş x1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları sı üçün 19.02.2020-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30,0 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar