Məhkəmə qərarları › İş №2(043)-1375/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1375/2020

04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1375/2020 04.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıCavabdeh qarşı «alimentin» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə faktiki birgə nikahlarından doğulmuş 05.01.2010-ci il təvəllüdlü x1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05.01.2010-cu il təvəllüdlü x4 dünyaya gəlmişdir. Sonradan münasibətləri pisləşmiş və indi faktiki olaraq ayrı yaşayırlar. Hazırki dövrdə isə o, uşağına qulluq etdiyi üçün işləmir və övladının dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı bildirir ki, yetkinlik yaşına çatmayan övladının saxlanması üçün xərclər tələb edildiyindən, uşağının gündəlik xərcləri artdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, faktiki nikahlarından olan uşaqlarının saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, övladının qidası, geyimi, təhsili və sair xərcləri pul tələb edir. Eyni zamanda bildirir ki, cavabdehin aliment ödəyəcək gəlirləri vardır. Cavabdeh azyaşlı uşağın maddi cəhətdən təmin edilməsində iştirak etmir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və onun dəqiqləşməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh 05.01.2010-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə rəsmi nikahı olmadan faktiki ailə münasibətində olmuş və bu münasibətlərindən bir uşaqları dünyaya gəlmişdir. Rəsmi nikahından olan iki uşağı hazırda yetkinlik yaşına çatmışdır. O, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə razıdır. İşə əlavə edilmiş AZ-İİ 394296 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 05.01.2010cu ildə x4 anadan olmuşdur. Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İ 136331 nömrəli atalığın müəyyən edilməsi haqqında şahadətnamənin surətindən görünür ki, 05.01.2010-cu il tarixdə İddiaçı doğulmuş x2 atası Cavabdehdur. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirmədən evlənmişlər və onların birgə nikahlarından Sevinc adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tərəflərin birgə münasibətindən doğulmuş bir uşaq atasından ayrı olmaqla anası ilə birlikdə yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsini və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin aliment məbləğində razılıqlarının olmasını nəzərə alınaraq iddia təmin olunmalı, 05.01.2010-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 27.02.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 05.01.2010-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Alimentin tutulması 27 fevral 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar