Məhkəmə qərarları › İş №2(043)-1427/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1427/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1427/2021 16.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.06.2009cu ildə anadan olmuş X6 və 15.05.2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X16 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(043)-2729/2015 nömrəli qətnaməsi əsasında təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X16 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən 15.06.2009-ci il təvəllüdlü X11 və 15.05.2012-ci il təvəllüdlü X13 dünyaya gəlmişdirlər. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2(043)- 2729/2015 nömrəli qətnaməsinə əsasən cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa görə 108 manat alimentin tutulması qət olunmuşdur.Belə ki, cavabdeh X5 özü Bakı şəhərində işləyir və onun uşaqları saxlaması üçün kifayət qədər maddi imkanı vardır. Cavabdeh təyin olunmuş alimentdən başqa uşaqların saxlanmasında çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, uşaqlar böyüdükcə onların maddi tələbatları da artmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hal-hazırda ailəlidir və həmin evliliyindən himayəsində iki uşağı var. Maddi imkanı alimentin artırılmasına imkan vermədiyindən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 103461 nömrəli və AZ-İİİ 103462 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin 15.06.2009-cu ildə Zəhra və 15.05.2012-ci ildə Kənan adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(043)- 2729/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 15.06.2009-cu ildə anadan olmuş X6 və 15.05.2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 108 manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İİ 101032 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X7 arasında olan nikah 15.07.2016-cı il tarixdə qeydə alınmışdır. AZ-İİİ 788509 nömrəli və AZ-İV 071217 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X5 ilə X4 birgə nikahlarından 05.05.2016-cı il tarixdə Nigar və 02.06.2018-ci il tarixdə Səfər adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(043)-2729/2015 nömrəli qətnaməsi ilə 15.06.2009-cu ildə anadan olmuş X6 və 15.05.2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh X12 oğlundan hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 108 manat məbləğində aliment azyaşlı uşaqların saxlanılması üçün yetərli olmadığından və cavabdeh 108 manat alimentdən başqa uşaqların saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(043)- 2729/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməklə X1 alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X15» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,0 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin himayəsində 2 azyaşlı uşağın olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə cavabdeh X12 oğlundan dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 15.06.2009-cu ildə anadan olmuş X6 və 15.05.2012ci ildə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X1 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 2(043)-2729/2015 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq X1 alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X1 dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar