Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-147/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.03.2007-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın, 24.02.2016-cı il tarixli 4Ə-477 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.02.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsinin 6-cı qiymət zonasında yerləşən 0,04 ha torpaq sahəsi (Kirovabad şəhəri X3 İcraiyyə Komitəsinin 23.08.1988-ci il tarixli 11 nömrəli protokolundan çıxarışa və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 nömrəli protokol qərarından çıxarışa əsasən) bağ evi tikintisi üçün iddiaçıya verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsini Farforist Bağçılıq yoldaşlıq birliyinin çıxarışı, arayışı, habelə digər sənədlər də təsdiq edir. Sonradan Cavabdeh2 özünə məxsus çıxarışı və torpaq sahəsinin planı və ölçüsü barədə sənədi iddiaçıya təqdim edərək torpaq sahəsinin özünə məxsus olduğunu və dərhal torpaq sahəsindən çıxmasını tələb etmişdir. Belə ki, təxminən 2012-ci ildə iddiaçıya ayrılan hazırki torpaqla bağlı iddiaçı ilə Cavabdeh2 arasında mübahisə olmuş və bu barədə polisdə araşdırılma aparılmışdır. İddiaçı ona ayrılan torpaq sahəsi ilə bağlı 2014-cü ildə sənədləşdirmə işlərinə başlamış və 28.10.2014-cü il tarixdə AR DTXK-in Gəncə şəhər şöbəsindən rəy 18.12.2014-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü barədə sənəd əldə etmişdir. Lakin müəyyən problemlər səbəbindən torpağa dair çıxarışı əldə edə bilməmişdir. Göründüyü kimi torpaq sahəsi iddiaçının ola-ola və torpağın üzərində tikinti olmasına baxmayaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi qanunsuz olaraq həmin torpaq sahəsi ilə bağlı Cavabdeh3 və Cavabdeh2 adına çıxarış vermişdir. Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh2 adına verilmiş çıxarış qanunamüvafiq qaydada alqı satqı müqaviləsi əsasında verilmişdir. İddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən tərtib edilmiş A 526914 seriyalı torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı «Kirovabad şəhər XDS İK-in» 23.08.1988-ci il tarixli 11 saylı qərarına və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 saylı protokol qərarından çıxarışa əsasən bağ evi tikmək üçün 400 kvm torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən verilmiş 28.10.2014-cü il tarixli rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, «Kirovabad şəhər XDS İK»in 23.08.1988-ci il tarixli 11 №-li protokolundan çıxarışa və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 №-li protokol qərarından çıxarışa əsasən Məhsəti qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün İddiaçı verilmiş 400,0 kvm torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla İddiaçınm istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə İddiaçı istifadəsində olan 400,0 kvm torpaq sahəsi üçün torpaq sahəsinin planı və ölçüsünün 1 saylı nümunənin hazırlanmasına «Dövlət Toıpaq və Xəritəçəkmə Komitəsi» Gəncə şəhər şöbəsi etiraz etmir. 14.03.2007-ci il tarixli, MH ******* seriyalı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsi mülkiyyət qüququ üzrə rəsmi reyestrdə Cavabdeh3 adına qeydə alınmışdır. 24.02.2016-cı il tarixli, 4Ə-477 reyestr nömrə ilə qeydə alınmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 özünə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsini Cavabdeh2 4500 manata satmışdır. 29.02.2016-cı il tarixli, RX ******* seriyalı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-cimaddəsində iperativ qaydada göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı əvvəla mülkiyət hüququ üzrə cavabdehlərə məxsus olan torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinə dair 18.12.2014-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü barədə Azərbaycan Respublikasının «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi» tərəfindən sənəd əldə etdiyini əsas gətirsə də iddiaçı həmin sənədi əldə etməmişdən 7 il əvvəl 14.03.2007-ci il tarixdə həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ tanınmış və rəsmi reyestrdə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bununla yanaşı 1965-ci ilin mart ayının 1-dən qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayan 15 yaşından 18 yaşınadək şəxslərin fəaliyyət qabiliyyətindən bəhs edən 13-cü maddəsindən görünür ki, yetkinlik yaşına çatmayan 15 yaşından 18 yaşınadək şəxslər xırda məişət xarakterli əqdlər istisna olmaqla əqdləri valideynlərinin, övladlığa götürənlərin və ya himayəçilərin razılığı ilə bağlaya bilərlər. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi torpaq sahəsinin «Kirovabad şəhər XDS İK»in 23.08.1988-ci il tarixli 11 №-li protokolundan çıxarışa və Həmkarlar Təşkilatının 26.11.1988-ci il tarixli 02 №-li protokol qərarından çıxarışa əsasən ona bağ evinin tikintisi üçün verildiyini əsas gətirmişdir. İşdə olan şəxsiyyət vəsiqəsindən isə məlum olmuşdur ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmaqla hələ həmin vaxt o, yetkinlik yaşına çatmamış və tam fəaliyyət qabiliyyətli olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması; mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iddiaçı 0,4 ha torpaq səahəsinin ona məxsus olmasını təsdiq hər hansı bir mötəbər sübut təqdim etməməsini habelə həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə cavabdehin adına rəsmi reyestrdə qeydə alınması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-147/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-147/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver