Məhkəmə qərarları › İş №2(043)-1498/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1498/2022

08.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1498/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh ATSC-in etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh ATSC-yə qarşı işə bərpa, 2010-cu ildən 2014-cü və 2017-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ATSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən çıxarılması barədə 01.07.2019-cu il tarixli 19/a saylı əmrin ləğv olunaraq işə bərpa olunması, 2010-cu ildən 2014-cü və 2017-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində əmək haqqının ödənilməsi, cəmiyyətə qoyduğu səhmlərə görə dividentin hesablanıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək işdən çıxarılması barədə 01.07.2019-cu il tarixli 19/a saylı əmrin ləğv olunaraq işə bərpa olunması, 2010-cu ildən 2014-cü və 2017-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, 2010-cu ildən 2014-cü ilə kimi və 2017-ci ildən 2019-cu ilə kimi Cavabdeh ATSC-də işləmişdir. Onu 2019-cu ildə heç bir səbəb olmadan işdən çıxarmışlar. O, Dəfələrlə işinə qayıtmağı tələb etsə də onu işinə qaytarmamışlar. Bu barədə əmək müfəttişliyinə müraciət etmiş, oradan ona bildirmişlər ki, 2-ci Qarabağ müharibəsində Cəmiyyətin yaxınlığına düşən mərmi nəticəsində bütün sənədlər korlandığı üçün ətraflı araşdırma apara bilməmişlər.İşdən çıxması ilə bağlı heç vaxt ərizə verməmiş, nə də ki, ona son haqq hesab ödənilməmişdir. Bütün bunlar cəmiyyətin onun işdən çıxarılmasına haqq qazandırmaqdan başqa bir şey deyildir. O, heç bir zaman işdən çıxmaqla bağlı ərizə verməmiş, işdən əsassız olaraq çıxarılmışdır. İddianın təmin olunmasını məhkəmədənxahiş etdi. Məhkəmə iclasında Cavabdeh ATSC-in nümayndəsi X2 iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, İddiaçı onun qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müraciət etmişdir. İddiaçının əmək müqaviləsinə 01.07.2019-cu il tarixdə öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş və son haqq-hesab aparılaraq ödənilmişdir. İddiaçı ərizəsində onun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verildiyi göstərilmiş və bununla bağlı əmək müfəttişliyinə müraciət etdiyini göstərmişdir. İddiaçı iddia ərizəsini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunan iddia müddətini ötürərək təqdim etmişdir. Belə ki, qeyd olunan mübahisə əmək qanunvericiliynə aid olduğuna görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə isə idddiaçının əmək müqaviləsinə 01.07.2019-cu ildə xitam verilmişdir. Görünür ki, iddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. İddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh ATSC-nin idarə heyətinin sədri Sabid Bağırov tərəfindən imzalanmış 01 iyul 2019-cu il tarixli, 20 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış 02.10.2017-ci il tarixli əmək müqaviləninə xitam verilərək, son haqq hesabın aparılması barədə göstəriş verilmişdir. İddiaçı Cavabdeh ATSC-yə ünvanlamış olduğu ərizəsinin surətindən görünür ki, başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 24 fevral 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsi ilə cəmiyyət tərəfindən təqdim olunmuş məktubda ziddiyət olduğundan iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Mediyasiya təşkilatı tərəfindən verilmiş 26.03.2022-ci il tarixli, ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ATSC 26.03.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh ATSC-in nüümayəndəsi Fuad İsgəndərov tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdıraraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, idiaçı ilə Cavabdeh ATSC arasında 02 oktyabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlanaraq iddiaçı dispeçer işinə qəbul olunmuşdur. 01 iyul 2019-cu il tarixli əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia etmişdir ki, onun barəsində olan əmr qanunsuz olduğundan ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmaqla keçən dövr ərzində ödənilməmiş əmək haqqıları ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 296cı madəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı madəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər . Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən İddiaçı Cavabdeh ATSC-yə qarşı işə bərpa, 2010-cu ildən 2014-cü və 2017-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı Cavabdeh ATSC-yə qarşı işə bərpa, 2010-cu ildən 2014-cü və 2017-ci ildən 2019-cu ilə kimi olan dövr ərzində əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar