Məhkəmə qərarları › İş №2(043)-1518/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1518/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1518/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.10.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin və 100 (bir yüz) manat məbləğində əlavə xərcin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 09 avqust 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində 110 saylı akt qeydi ilə rəsmiləşdirərək evlənmişlər. Birlikdə yaşadıqları dövrdə 1 (bir) övladları 29.10.2020-ci il təvəllüdlü X6 dünyaya gəmişdir. Cavabdeh ailəsinə qarşı laqeyd olmuşdur. Bu səbəbdən də o, Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(043)-188/2021 saylı qətnaməsinə əsasən iddianın təmin edilmiş və Cavabdeh ilə aralarında 09 avqust 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində 110 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. O, azyaşlı övladını böyütməkdə çətinlik çəkir. Ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə aralarında olan nikahları pozulmuşdur, lakin uşağa aliment təyin edilməmişdir. Uşağı xəstədə olduğu üçün pul lazımdır. Cavabdeh qazancı və işləməsi barədə, uşağın xəstələyi ilə bağlı heç bir sübutu yoxdur. O, tələbədir və ailə vəziyyəti pisdir. Ona görə də uşağına tək baxa bilmir. Məhkəmədən iddia tələbinin təmin olunaraq, 29.10.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin və 100 (bir yüz) manat məbləğində əlavə xərcin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, əvvəllər Rusiya Federasiyasında işləmişdir, hazırda heç bir yerdə işlərmir. O, uşağı 29.10.2020-ci il təvəllüdlü X3 görə bilmir və uşağın xəstə olması barədə onlarda heç bir məlumat yoxdur. Hal-hazırda Azərbaycan Respublikasında da işləri alınmır. İddia tələbini qismən qəbul edir və aliment məbləğini aşağı səviyyədə 100 manat məbləğində təyin edilməsini istəyir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayonu Məhsəti qəsəbəsinin küçə üçlüyünün 30.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Sakit Atakişiyev küçəsində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Dövlət Aqrar Universitetinin 30.05.2021-ci il tarixli, 734 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar iqtisadiyyat fakültəsi iqtisadiyyat ixtisası üzrə qiyabi təhsil formasının ödənişli əsaslarla beşinci kurs tələbəsidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 41 nömrə ilə qeyd edilmiş, 18.03.2021-ci il tarixli, AZ-İ 372414 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında nikah 21.08.2015-ci ildə pozulmuşdur. İşin materiallarına əlavə olunmuş AZ-İV seriyalı, 575765 nömrəli doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, birgə nikahdan tərəflərin 29.10.2020-ci ildə X7 doğulmuşdur. Şəhadətnamədə uşağın atası X4, anası İddiaçı qeyd edilmişdir. İşin materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 188/2021, 09.02.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində 110 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən 29.10.2020-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzindən birgə nikahdan olan uşaq anasının yanındadır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilərək 29.10.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin və 100 (bir yüz) manat məbləğində əlavə xərcin tutulub ona verilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir və hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Həmin Məcəllənin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın müalicəsi ilə bağlı cavabdeh olan ərdən əlavə xərc qismində 100 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iddiaçı uşağın xəstə olması, müalicəsi üçün nə qədər vəsaitin lazım olması və xərclənməsi barədə heç bir dəlil göstərə, bu halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 05.04.2021-ci il tarixdən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 29 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 05 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar