Məhkəmə qərarları › İş №2(043)-1529/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1529/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1529/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 30.10.2007-ci il təvəllüdlü X5, 22.12.2011-ci il təvəllüdlü X1, 01.04.2013-cü il təvəllüdlü X2 və 16.08.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmları üçün bir uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 400 manat alimentin ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-ci ilin avqust ayının 20də ailə qurmuş və həmin tarixdə Goranboy rayonunun Todan kəndində cavabdehin atası X10 məxsus 5 otaqlı, 1 aynabəndli və 1 mətbəxli fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlə bir müddət Rusiya Federasiyasında yaşamışlar. Cavabdeh ilə faktiki nikahlarından 30.10.2007-ci il təvəllüdlü X9, 22.12.2011-ci il təvəllüdlü X6, 01.04.2013-cü il təvəllüdlü X7 və 16.08.2017-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. 2017-ci ilin oktyabr ayında cavabdehlə münasibətləri pisləşdiyindən həmin vaxtdan ayrılmışlar. Uşaqlar hazırda onun himayəsindədir. Artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmır. Cavabdeh əvvəllər uşaqlarına pul göndərsə də son zamanlar göndərmir. Həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmayıb, onların heç bir ehtiyacımızı ödəməyibdir. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır, uşaqlarının səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmır, onların heç bir ehtiyacını ödəmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəməm iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X9 30.10.2007-ci il tarixdə, X6 22.12.2011-ci il tarixdə, X7 01.04.2013-cü il tarixdə və X8 isə 16.08.2017-ci il tarixdə anadan olmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 09.04.2022-ci il tarixli, MŞG/1-00982 nömrəli arayışdan görünür ki, İddiaçı aliment tələbinə dair müraciəti əsasında yeri və vaxtı barədə 5 iş günü əvvəlcədən telefon və poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf X4 ailə mübahisəsi üzrə 09.04.2022-ci il tarixdə, saat 12:30-da keçirilməsi nəzərdə tutulan ilkin müdiasiya sessiyasında iştirak etməmişdir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə faktiki nikahlarından 30.10.2007-ci il təvəllüdlü X9, 22.12.2011-ci il təvəllüdlü X6, 01.04.2013-cü il təvəllüdlü X7 və 16.08.2017-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzində birgə ailə münasibətlərindən doğulan uşaqlar anasının yanındadır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etmiş və təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini və tələb edilən aliment məbləğini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı hazırki iş üzrə iddiaçı kimi dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 400 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 4800 manat təşkil etdiyindən, 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya sessiyasında iştirak) qismində ödənilmiş 50 (əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 27 aprel 2022-ci il tarixdən başlayaraq, 30.10.2007-ci il təvəllüdlü X5, 22.12.2011-ci il təvəllüdlü X1, 01.04.2013-cü il təvəllüdlü X2 və 16.08.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya sessiyasında iştirak) qismində ödənilmiş 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar