Məhkəmə qərarları › İş №2(043)-1576/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1576/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1576/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə onun arasında xx.xx.2006-cı il tarixdə Kəpəz rayon VVADQ Şöbəsində 1025 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 onun himayəsində saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 13 dekabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Bu nikahdan iki uşaqları doğulmuşdur. Ailə qurandan sonra münasibətləri yaxşı olub. Sonralar isə münasibət korlanıb. Tərəflər arasındakı nikah hazırda formal xarakter daşıyır. Cavabdeh ilə münasibətləri xasiyyətləri uyğun gəlmədiyinə görə dözülməz dərəcədə pisləşmişdir, artıq birlikdə yaşamaqları qeyri-mümkündür. Faktiki olaraq ailə dağılmış, bərpa edilməsi qeyri-mümkündür. Boşanmaqda fikri qətidir. Gələcəkdə cavabdehlə barışmağı qeyri-mümkündür. Bu barədə mediatora da müraciət edilmişdir lakin ilkin mediasiya sessiyasında qarşı tərəf iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında olan nikahın barışmaq üçün vaxt verilmədən pozulmasına razıdır, lakin alimenti iddia ərizəsində tələb olunan məbləğdə ödəməyə maddi imkanı yoxdur. O, hər ay hər uşaq üçün sadəcə 70-80 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı xx.xx.2006-cı il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1025 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında akt qeydlərindən çıxarışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə X4 doğulmuşdur. Həmin sənədlərdə uşaqların atası kimi Cavabdeh, anası kimi İddiaçı qeyd edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatlarından aydın oldu ki, onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, tərəflərin nikahları pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqları X3 və X4 onlar haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduqlarından, uşaqlar məhkəmədə dinlənilmiş və uşaqlar nikah pozulduqdan sonra analarının yanında yaşamaq istədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, X3 və X1 bir-birilərnə və analarına bağlılığı, eləcə də cavabdehin buna etiraz etməməsi nəzərə alınaraq, onların hər ikisi nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq analarının (iddiaçının) yanında saxlanılmalıdırlar. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eləcə də iddiaçının da bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olmasını, lakin uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 1025 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılsın. xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar