Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1639/2022 13.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “soyaddan çıxarılma tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə aid olan “Əhmədov” soyadından Cavabdeh1 və Cavabdeh2 dəyişdirilərək, öz ata soyadlarına (Həsənova) çıxarılması və həmçinin kimliklərindən çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır, o, hal-hazırda rəsmi nikahında olan həyat yoldaşı X1 ilə barışmış, 3 övladı ilə birlikdə yaşayırlar. Onun və onun ailəsinə xas olan Əhmədov soyadlarının boşayaraq həyatından rədd etdiyi ona heç bir aidiyyatı olmayan, məhkəmənin qərarı ilə 2016-cı il oktyabr 13-də nikah pozulmuş X2 özünün Ayşənur qızı ilə hələdə onun soyadından çıxmamışlar və onun soyadını daşıyırlar. Onun ona xəyanət etməsinə, şərəf və ləyaqətini alçaltdığına, maddi və mənəvi ziyan vurduğuna, başqasının uşağını onun evində böyütdüyünə görə onların heç birinin onun və onun ailəsinə xas olan Əhmədov soyadında qalmalarını istəmir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı cavabdehlərdən Cavabdeh1 ilə aralarında olan nikah pozulduğundan, Cavabdeh2 isə onun övladı olmadığı müəyyən edildiyindən həmin şəxslərin onun soyadını daşımasını istəməyərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 nikahı pozulmuş, Cavabdeh1 doğulmuş Ayşənur adlı uşağın atasının İddiaçı olmadığı müəyyən edilmişdir. Həmçinin, Ayşənur adlı uşağın Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 22.01.2007ci il tarixli 98 saylı akt kitabında atasının İddiaçı olması barədə qeyd ləğv edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən İddiaçı Ayşənur adlı uşağın (hazırki cavabdeh) atası olmaması müəyyən edilmiş və doğum akt qeydində həmin uşağın atasının İddiaçı olması barədə qeyd ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri şəxsin qanunla qorunan hüquqları (mənafeyi) pozulduğu halda, həmin şəxslərin müraciəti əsasında belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə əvvəla qeyd edir ki, hazırki iddia tələbinə məhkəmədə baxıla bilməsi üçün cavabdehlərin “Əhmədov” soyadını daşıması iddiaçının qanunla qorunan hüquqlarını pozmalıdır. Bu mənada iddiaçının daha əvvəl məhkəmələrə müraciəti əsasında, Cavabdeh2 onun uşağı olmamasını müəyyən edildiyindən, onun həmin uşağa münasibətdə hansı hansı formada qarşılıqlı hüquq və vəzifəsi yoxdur. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Bu mənada qanuna əsasən Cavabdeh1 İddiaçı ilə nikahları pozulduqdan sonra belə “Əhmədov” soyadını daşımaq hüququna malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Əhmədov” soyadı müstəsna bir soyad olmamaqla bərabər iddia ərizəsində göstərilən şəxslərin “Əhmədov” soyadını daşıması iddiaçının hüquqlarını hər hansı formada pozmur. Belə ki, iddia ərizəsində cavabdehlərin “Əhmədov” soyadını daşıması iddiaçının hüquqlarını hansı formada məhdudlaşdırmır, onun “qanunla qorunan maraqları”nı pozmur, onun üçün hər hansı bir hüquq və vəzifə yaratmır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında nəzərdə tutulmuşdur ki, yetkinlik yaşına çatmış şəxslərin soyadının dəyişdirilməsi yalnız özünün müraciəti əsasında, yetkinlik yaşına çatmamış şəxslərin soyadının dəyişdirilməsi isə valideynlərin razılığı ilə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Başqa (kənar) şəxsin məhkəməyə müraciəti əsasında soyadın dəyişdirilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “soyaddan çıxarılma tələbi”nə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1639/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1639/2022
13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver