Məhkəmə qərarları › İş №2(043)-1724/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1724/2021

10.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1724/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh K.D.Uşinski adına 29 saylı tam orta məktəbə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh K.D.Uşinski adına 29 saylı tam orta məktəbə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 10 noyabr 2020-ci il tarixli, 025/1 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və əmr çıxdığı 10 noyabr 2020-ci il tarixdən işə bərpa olunan tarixədək əmək haqqı hesablanaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17.06.1985-ci ildən 29 saylı tam orta məktəbində xadimə işləmiş, 17 oktyabr 2020-ci il tarixdə raket zərbələri endirilərkən məktəbin həyəti təhlükəli vəziyyətə düşmüş, güclü dağıntıya məruz qaldığından komissiya təyin olunmuşdur. Məktəb təmir üçün dayandırılmış o isə aidiyyəti üzrə öz işlərini yerinə yetirmişdir. Məktəbin sovxozu Namiq işçisi Taleh ilə onu yanına çağırmış, hamının işdən çıxdığını, təkcə onun ərizəsinin yazmadığını bildirmişdir. O, harada işləyəcəyi barədə soruşmuş, lakin yazdırıb imzalamağa təkid etmişdir. O, ərizəni yazaraq imzalamış, sonradan başa düşmüşdür ki, yalnız onu işdən azad ediblər. Bacısı məktəbin X8a müraciət etmiş, sonuncu onun təqaüdə çıxarıldığını bildirmişdir. 22 fevral 2020-ci il tarixdə Təhsil İdarəsində olmuş, onun əvəzinə başqa işçi götürüldüyünü bildirmişdir. O, öz əməyi ilə ailəsini dolandırmış, hazırda işsiz qalmışdır. İşdən azad olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinə müraciət etmiş, cavabında əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinin pozulduğu, xəbərdarlıq müddətinin bitmədən əmək müqaviləsinə xitam verildiyini bildirmişlər. Qeyd etmək istəyir ki, öz istəyi ilə ərizə yazmağı və imza etməyi onu məcbur ediblər. Nəticə olaraq o, 08 noyabr 2020-ci il tarixdə məcbur olub işdən çıxmağa dair ərizə vermişdir. Lakin 10 noyabr 2020-ci il tarixli 025/1 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Yəni xəbərdarlıq müddəti bitmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Həmin gündən o işsizdi. Bu isə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsi sayılır. Elə hesab edir ki, ona qarşı olan hərəkət qanunsuzdur. O, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi X3 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahatlar verib, iddianın təmin olunmasını xahiş etdilər və əlavə olaraq bildirdilər ki, İddiaçı öz istəyi ilə işdən çıxmamış, əksinə işdən çıxmağı üçün ərizə yazmağa məcbur etmişlər. Əvvəlki məhkəmə iclasında ifadə vermiş cavabdeh K.D.Uşinski adına 29 saylı tam orta məktəbin səlahiyyətli nümayəndəsi-Təsərrüfat İşləri üzrə Direktor müavini Nümayəndə ifadə verərək bildirmişdir ki, 1993-cü ildən evlər üçlüyünün nümayəndəsidir və özü də iddiaçı ilə qonşudur. Gəncə şəhərinə raket zərbələri endirilən zamanlarda iddiaçı özü işə gəlmək istəmədiyini bildirmişdir. İddiaçı öz xahişi ilə ərizə yazaraq işdən azad olunmaq istəmişdir, heç kim onu ərizə yazmağa və imza etməyə məcbur etməyib, iddiaçının söylədikləri əsassızdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, S.D.Uşinski adına 29 saylı tam orta məktəbdə, İddiaçı işdən çıxdıqdan sonra onun vəzifəsində dalandar kimi dörd aydır işləyir. İdris işdən çıxmaq barədə ərizəsini yazarkən yanında olmuş, başında olan xəstəliklə əlaqədar özü işdən azad olunmasını xahiş etmişdir. Həmin vaxt otaqda o və məktəbin təsərrüfat işləri üzrə direktor müavini Nümayəndə olmuşdur. İddiaçı öz xahişi ilə ərizə yazaraq işdən azad olunmaq istəmişdir, heç kim onu ərizə yazmağa və imza etməyə məcbur etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin rəis müavini X2 ifadəsində bildirdi ki, iddiaçı 08.11.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı müraciət etmiş, iddiaçı işdən azad olunması barədə ərizəni təqdim etdiyi tarixdən bir ay sonra işdən azad olunmalı idi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.5-cı maddəsinin tələbi məktəbin X8 tərəfindən pozulmuş, xəbərdarlıq müddəti bitmədən 10.11.2020-ci il tarixdə əmək müqavilənə xitam vermişdir. Bununla da əmək müqaviləsinə xitam verilərkən V.Hüseynov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 196.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay müddətində verildiyindən V.Hüseynov qeyd olunan nöqsana görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, İddiaçı 08 noyabr 2020-ci il tarixdə K.D.Uşinski adına 29 saylı tam orta məktəbin direktoruna ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı işə gələ bilmədiyindən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Təhsil İdarəsi K.D.Uşinski adına 29 saylı tam orta məktəbin X8un tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 025/1 saylı əmrin surətindən görünür ki, həmin məktəbin dalandarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən 10 noyabr 2020-ci il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın ödənilməsinə dair əmr verilmiş, əsas isə İddiaçı 08.11.2020-ci il tarixli ərizəsi əsas götürülmüşdür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işə götürən X5 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 17.11.2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Bildirişdə göstərilmişdir:- Əmək müqaviləsinə xitam verilməsinin əsası: ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü), 10.11.2020-ci il tarixli əmr. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının əsli ilə üzləşdirilmiş surətindən görünür ki, məktəbin dalandarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən 10.11.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə məktəbin direktoru V.Hüseynov tərəfindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinin 19 mart 2021ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.5-cı maddəsinin tələbi məktəbin X8 tərəfindən pozulmuş, xəbərdarlıq müddəti bitmədən əmək müqavilənə xitam verilmişdir. Bununla da əmək müqaviləsinə xitam verilərkən V.Hüseynov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 196.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay müddətində verildiyindən V.Hüseynov qeyd olunan nöqsana görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, Kəpəz RPİ-nin TB-nin Təhqiqatçısının HK-1/3063 saylı mütarial üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 21 dekabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmək müqaviləsinə xitam verilmə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmiş, həmçinin qərarla İddiaçı döyülməsi faktı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin əmək müqаviləsinin işçi tərəfindən ləğv edilməsi qаydаsındаn bəhs edən 69-cu mаddəsində qeyd оlunur ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İlk öncə məhkəmə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh K.D.Uşinski adına orta məktəbin direktoru tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsinə münasibət bildirərək qeyd edir ki, Gəncə şəhəri K.D.Uşinski adına 29 saylı tam orta məktəbin direktoruna həmin məktəbdə dalandar işləyən İddiaçı tərəfindən ünvanlanmış 08 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı işə gələ bilmədiyindən işdən azad olunmasını xahiş etmiş, ərizəni öz xətti ilə yazılmış və imzası ilə təsdiq etdilmişdir. Gəncə şəhər Təhsil İdarəsi K.D.Uşinski adına 29 saylı tam orta məktəbin direktoru tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli əmrin surətindən görünür ki, həmin məktəbin dalandarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən 10 noyabr 2020-ci il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və son haqq hesabın ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işəgötürən X5 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 17.11.2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı işdən azad olunması ilə bağlı 08 noyabr 2020-ci il tarixdə işəgötürənə müraciət etmiş və həmin ərizədə işdən çıxarılma müddəti dəqiq göstərilməmiş, işəgötürən tərəfindən qanunvericiliyin tələbinə əməl edilmədən, qanunla müəyyən edilmiş müddət gözlənilmədən iddiaçını 10.11.2020-ci il tarixdə işdən azad edilməsi barədə 025/1 saylı əmr vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, Gəncə şəhəri K,D.Uşinski adına 29 nömrəli orta məktəb ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 10 noyabr 2020-ci il tarixli, 025/1 saylı əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 21 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iddiaçı 11.12.2021-ci il tarixdə Kəpəz RPİ-nə onun məcburi işdən çıxarılması və eləcə də Təhsil İdarəsinə və 25.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Regional Ərazi Şöbəsinə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) beş aya yaxın müddət keçdikdən sonra 21.04.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzrlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmiş və onun işdən azad olunması barədə 10.11.2020-ci il tarixli, 025/1 saylı əmirdən qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, iddiaçı beş aya yaxın müddət keçdikdən sonra işdən çıxarılma barədə əmrdən xəbəri olması məntiqli deyildir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. O, üzrsüz səbəbdən buraxdığı iddia müddətinin barpasına dair məhkəməyə müraciət etməmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh K.D.Uşinski adına 29 saylı tam orta məktəbə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh K.D.Uşinski adına 29 saylı tam orta məktəbə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar