Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1783/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 121077,57 manat məbləğində əsas borc, 50033,79 manat faiz borcu, 1293 manat cərimə borcu olmaqla, cəmi 172404,36 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan İddiaçı ASC-in tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(043)- 2546/2019 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş Cavabdeh 121077,57 manat məbləğində əsas borc, 50033,79 manat faiz borcu, 1293 manat cərimə borcu olmaqla, cəmi 172404,36 manat məbləğində pulun 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəməyə ərizə verərək qeyd olunan qiyabi qətnamənin ləğv edilməsini və işin icraatının təzələnməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(043)- 1783/2021 nömrəli qərardadına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2(043)-2546/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. 11 iyul 2013-cü il tarixdə İddiaçı ASC və Cavabdeh arasında müvafiq olaraq 11(01) saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 11(01) saylı kredit müqaviləsi üzrə illik 12 % olmaqla, 180 (bir yüz səksən) ay müddətinə yaşayış sahəsinin alınması üçün 165000 (bir yüz altmış beş min) manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh 11 iyul 2013-cü il tarixdə "xxxx" MTK ilə yaşayış sahəsinin alınması ilə bağlı 19 saylı kredit müqaviləsi bağlamış və onun tərəfindən H.Əliyev prospekti 125 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın üçüncü blokunun səkkizinci mərtəbəsində yerləşən sahəsi 167.8 m2 təşkil edən 4 otaqlı 95 saylı mənzili alınmışdır. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 20 iyun 2019-cu il tarixinə Cavabdeh İvanovnovnanın, 11 iyul 2013-cü il tarixli 11(01) saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə 121077,57 manat əsas kredit borcu, 50033,79 manat faiz borcu və 1293 manat dəbbə pulu olmaqla, ümumilikdə 172404,36 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, cavabdehə verilən kredit daxili ipoteka hesabına verilmiş kredit olmaqla, borc verilmiş pul köçürmə yolu ilə həyata keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehin milliyəti rus olmaqla, o, Azərbaycan dilini tam başa düşmür. Belə ki, cavabdeh dərzi fəaliyyət ilə məşğul olmaqla istehlak məqsədi ilə kredit götürmək üçün İddiaçı ASC-yə müraciət etmiş, orada ona müəyyən sənədlərə imza etdirilməklə kreditin verilməsi ilə bağlı ona məlumat veriləcəyi bildirilmişdir. Cavabdeh azərbaycan dilini yaxşı bilmədiyi üçün müqavilənin mahiyyətini dərk etmədən imza etməsinə baxmayaraq qeyd olunan məbləğ cavabdehə verilməmişdir. Əgər qeyd olunan məbləğ köçürmə yolu ilə həyata keçirilmişdirsə hansı hesaba və hansı vaxt göçürülməsi barədə sübut təqdim olunmalıdır. İddia tələbinin tamamilə əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. 26.12.2017-ci il tarixli götürmə aparılması haqqında protokolun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 11(01) nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş sənədlərin əsli olan kredit dosyesi Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsinin istintaq idarəsi tərəfindən cinayət işi üzrə götürülmüşdür. Məhkəmənin sorğusu ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 11(01) nömrəli kredit müqaviləsi üzrə kredit dosyesində olan sənədlərin əsli Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsindən götürülmüşdür. Qeyd olunan kredit dosyesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 11(01) nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 180 ay müddətinə verilmiş 165.000 manat kredit Gəncə şəhəri, H.Əliyev prospekti 125 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasından yaşayış sahəsinin alınması məqsədi ilə verilməsi şərtləndirilmişdir. "xxxx" MTK-ın direktoru X5 ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 19 nömrəli müqavilədən görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti 125 ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 8-ci mərtəbəsindən sonuncuya 4 otaqlı mənzilin verilməsi mənzilin ümumi dəyərinin ilk hissəsi 10 %-i 19 580 manatı İddiaçı SKB-da olan cari hesaba ödənilməsi, təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsi 165000 manat müştərinin etdiyi ilkin ödənişlə birlikdə 3 iş gün ərzində müştərinin cari hesabına mədaxil edilməsi ilə şərtləndirilmişdir. 11.07.2013-cü il tarixdən 27.01.2017-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, 11 iyul 2013-cü il tarixli 11(01) nömrəli kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir. 11iyul 2013-cü il tarixli Mühasibatlığa Sərəncamdan görünür ki, Cavabdeh **********01110AZM000(01) Ssuda hesabına 72 ay müddətinə yaşayış sahəsinin alınması məqsədi ilə 165000 manat köçürülməsi və həmin məbləgin hesabdan 0,2 % -lə nəğd çıxarılması, girovun 184580 manat qiymətləndirilməsi barədə sərəncam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları araşdırıb tədbiq edilməli hüqüq nomaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində 11 iyul 2013-cü il tarixli, 11(01) nömrəli kredit müqaviləsi bağlandığını, müqavilə üzrə cavabdehə yaşayış sahəsinin alınması məqsədi ilə borc verildiyini bildirərək, həmin borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, həmin məbləğdə pulun cavabdehə istər nəğd qaydada istərsə də köçürmə yolu ilə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında müqavilə mövcud olsa da iddiaçı tərəfindən müqavilənin icra olunması, yəni müqavilədə göstərilən məbləğdə pulun cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Mühasibatlığa Sərəncamda girovun 184580 manat qiymətləndirilməsi, Cavabdeh Ssuda hesabına köçürülən 165000 manat kredit məbləğinin hesabdan nəğd çıxarılması göstərilsə də kredit dosyesində ipoteka müqaviləsi və kassa məxaric orderi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənlərə əsasən və qeyd olunan hüquq normaları baxımından məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 121077,57 manat məbləğində əsas borc, 50033,79 manat faiz borcu, 1293 manat cərimə borcu olmaqla, cəmi 172404,36 manat məbləğində kredit borcunun ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 121077,57 manat məbləğində əsas borc, 50033,79 manat faiz borcu, 1293 manat cərimə borcu olmaqla, cəmi 172404,36 manat kredit borcunun tutulması tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1783/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1783/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver