Məhkəmə qərarları › İş №2(043)-179/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-179/2022

17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-179/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 13 oktyabr 2021-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması və mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə nikahlarını qeyd etdirməklə 25 mart 2016–ci ildə evlənmişdir. Birgə nikahdan 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar onun yanında qalmışdır. Mövcud vəziyyətdə azyaşlı uşaqlarının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, onun əlavə hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqlar böyüdükcə onların tələbatları da artır və maddi imkanı olmadığından uşaqlarının tələbatlarını qarşılaya bilmir. Uşaqların geyimi və qidalanması ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Bundan başqa qızı Məryəm anadangəlmə “daun sindiromu” xəstəliyindən əziyyət çəkir. Ona mütəmadi qayğı göstərməli olduğundan işləyə bilmir. Cavabdehin maddi imkanı yaxşı olsa da, ayrıldıqları vaxtdan etibarən uşaqları üçün heç bir maddi yardım göstərmir. Buna baxmayaraq cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmir. Odur ki, iddiasının təmin edilərək, 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə cavabdeh nikahlarını qeyd etdirməklə 25 mart 2016–ci ildə evlənmişdir. Birgə nikahdan 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Tərəflər evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Hazırda cavabdeh iddiaçının aliment tələbini qismən qəbul edir. Belə ki, onun maddi imkanı hər ay hər uşaq üçün 200 manat aliment verməyə uyğun deyildir. Belə ki, cavabdeh heç bir yerdə işləmir və səhhətində problemlər vardır. Bundan başqa Məryəmin xəstəliyinə görə dövlət tərəfindən hər ay ödəmələr həyata keçirilir. Bununla belə cavabdeh iddiaçıya hər ay hər uşaq üçün 60 manat aliment ödəyə bilər. Odur ki, qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019cu il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 mart 2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 25 nömrəli nikah qeydə alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər 25 mart 2016–ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Tərəflərin birgə nikahından 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmış və ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Cavabdeh uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 60 manat aliment ödəməyə razıdır. İddiaçı isə cavabdehin iddiasında qeyd edilən alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə ailə münasibətlərin doğulmuş 02 iyun 2017-ci il təvəllüdlü Bətül və 30 aprel 2019-cu il təvəllüdlü Məryəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. İddia tələbi alimentə dair qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar