Məhkəmə qərarları › İş №2(043)-1831/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1831/2020

18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1831/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi x3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019-cu il tarixdə doğulmuş x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, həmçinin əlavə xərclər üçün 50 manat, cəmi 220 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən 26 noyabr 2019-cu il tarixdə doğumuş x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 170 manat alimentin və uşağın 3 yaşı tamam olana qədər 80 manat məbləğində maddi yardımın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 03 dekabr 2018-ci ildə nikaha daxil olmuşdur. Nikahdan 26 noyabr 2019-cu il tarixdə x4 doğulmuşdur. Nikahlarının ilk vaxtlarında ailə münasibətləri normal olsa da, sonradan bu münasibətlər qaynanasının, baldızlarının və qaynatasının müdaxiləsi nəticəsində kəskin pisləşmişdir. Hazırda ailə kimi birlikdə təsərrüfat aparmırlar və ayrı yaşayırlar. Nikahları formal xarakter daşıyır. 2019-cu ilin mart ayından etibarən cavabdeh və o, cavabdehin ailəsi ilə aralarında yaranmış narazılıq üzündən iddiaçının valideynləri ilə birlikdə yaşamağa başlamışdır. 26 noyabr 2019-cu il tarixdə qızları dünyaya gəlmişdir. Lakin ilk gündən etibarən nə cavabdeh, nə də onun ailəsi uşağın saxlanılmasında ona heç bir maddi yardım göstərməmişdir. Bu müddət ərzində cavabdeh işləyəcəyinə, hər şeyin yaxşı olacağına söz versə də, uzun zaman keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş, övladına və ona hər hansı bir yardım göstərməmişdir. Hal-hazırda cavabdeh onları atıb getmişdir və ailəsi ilə birlikdə yaşayır. Cavabdeh övladına və ona nə maddi nə də mənəvi dəstək olmur. O uşaqla tək qalıbdır, özü işsizdir, cavabdeh isə onlarla maraqlanmaq belə istəmir, uşağın qayğısına qalmaqdan imtina edir. O cavabdehə dəfələrlə müraciət edib uşaq üçün ona maddi yardım göstərməsini xahiş etsə də, o, buna əhəmiyyət verməmişdir. Qanunvericiliyin tələblərinə görə hesab edir ki, iddiası əsaslıdır və təmin olunmalıdır. Övladı balaca olduğu üçün ana qayğısına ehtiyacı var. Bu səbəbdən o heç bir yerdə işləyə bilmir, öz tələbatlarını və övladına lazım olan əlavə xərcləri ödəməkdə çətinlik çəkir. Odur ki, cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və cavabdehin hazırda hansı işlə məşğul olması və gəlirləri barədə məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək izahatında bildirdi ki, cavabdeh onun oğludur. Cavabdehlə iddiaçının münasibətlərinin pisləşməsinin səbəbkarı iddiaçı və onun ailəsidir. Cavabdeh hazırda heç yerdə işləmir və onun tələbatlarını anası kimi o ödəyir. Buna görə də tərəflərin nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehin hər ay 100 manat aliment ödəməyə imkanı çatır. İddiaçının özünə maddi yardım kimi aliment tələbini isə qəbul etmir, çünki cavabdehin özünün heç bir gəliri və ya qazancı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x5 arasında 03.12.2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə İbrahimov və arvada İbrahimova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 noyabr 2019-cu il təvəllüdlü x2 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, 12.11.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə alimentin miqdarının müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın körpə olmasından dolayı iddiaçının işləmədən ona baxmaq məcburiyyətində olmasını və ölkə üzrə yaşayış minimumunun miqdarının nəzərə alınmasını vacib hesab edir. Uşağın valideynlərindən minimum dolanacaq xərclərindən az olmayan təminat almaq hüququ olduğundan və iddiaçı uşağa baxmalı olduğu üçün işləmək imkanından məhrum olduğundan cavabdehdən 26 noyabr 2019-cu il tarixdə doğulmuş x1 üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində, yəni hər ay sabit pul məbləği ilə 170 manat aliment tutulmalıdır. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19 may 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın “uşaq üç yaşına çatanadək hər ay 80 manat sabit pul məbləğində maddi yardımın iddiaçının xeyrinə tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulan alimentdən fərqli olaraq ər-arvadın bir-birindən aliment tələb etməsinin əsası kimi digər tərəfin zəruri vəsaitə malik olması şərti qoyulmuşdur. Lakin, iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması barədə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan, iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 noyabr 2019-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 19 may 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar