Məhkəmə qərarları › İş №2(043)-1861/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1861/2021

10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1861/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.12.2010-cu il tarixdə doğulmuş X2 üçün təyin edilmiş bir uşaq üçün 140 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, bir uşağı saxlanılmasına görə hər ay sabit pul məbləğində 80 manat məbləğində aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06.01.2010-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Bu rəsmi evlilikdən 20.12.2010-cu il tarixdə oğlanları X6 anadan olmuşdur. Cavabdeh ilə əvvəllər bir-birilərini yaxşı anlamış, qarşılıqlı hörmət şəraitində yaşamış, ailələrinin möhkəmliyini, fundamentallığını qoruyub saxlamağa, övladlarının tərbiyəsi, təhsili, fiziki və psixoloji durumu ilə hərtərəfli məşğul olmağa səy göstərmişdirlər. Lakin sonralar cavabdehin xarakterində köklü dəyişilmələr baş verdiyindən, bütün sağlam mənəvi-psixoloji vəziyyətə, mehriban münasibətlərə son qoyulmuş, əksinə dava-dalaş, dedi-qodu səngimək bilməmişdir. Bütün bunlara baxmayaraq, o çalışmışdır ki, zaman gələr ailədə yaşanan gərginlik əvvəlki məcrasına yönələr. Cavabdeh isə birmənalı şəkildə ailənin dağılması üçün müxtəlif bəhanələrlə, qızışdırıcı amillərə əl atmışdır. Beləliklə, Cavabdeh iddia ərizəsi əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsinə əsasən aralarında olan 06.01.2010-cu il tarixdə Kəpəz Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah müqaviləsi ləğv olunmuş və rəsmi nikahları pozulmuşdur. Cavabdeh alimentə dair ərizəsini 2012-ci ildə Kəpəz Rayon Məhkəməsinə təqdim etmiş, Kəpəz Rayon Məhkəməsinin 29.08.2012-ci il tarixli, 2(043)-1356/2012 saylı qətnaməsi ilə 20.12.2010-cu ildə doğulmuş oğlanları X2 üçün hər ayda 50 (əlli) manat olmaqla aliment tutulmuşdur. Sonradan cavabdeh 2014-cü ildə yenidən alimentin miqdarının artırılması tələbi ilə Kəpəz Rayon Məhkəməsinə iddia vermiş, icraatda olan ərizəsinə baxılmış, məhkəmənin 18.03.2014-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay 80 (səksən) manat miqdarında tutulması qət edilmişdir. Cavabdehi bu məbləğ qane etməmiş, o yenidən alimentin miqdarının artırılması tələbi ilə Kəpəz Rayon Məhkəməsinə iddia vermiş, məhkəmənin 16.03.2016-ci il tarixli qətnaməsində övladlarının saxlanılması üçün hər ay 117 manat pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh buna da qane olmamış, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(0430-959/2019 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunmuş, hər ay müəyyən olunmuş 117 manat aliment dəyişdirilərək, X1 görə hər ay 140 manat məbləğində aliment tutulması qət edilmişdir. Alimenti sabit pul məbləğində miqdarının artırılması ilə bağlı 2014-2019-cu illərdə aparılan məhkəmə proseslərində məhkəmə onun vəziyyəti ilə, maddi imkanı ilə maraqlanmamış, fikirlərini çatdırmağa, izahat verməyə ona imkan yaradılmamış, hansı durumda olduğu diqqət mərkəzinə gətirilməmiş, birmənalı şəkildə cavabdehin saxta, yalan ifadələri dinlənmiş, maraqları müdafiə olunmuşdur. O, əvvəllər günəmuzd işləmiş və ailəsini dolandırmışdır. Hətta pandemiya dövründə müavinət ala bilməsə də alimenti vaxtında ödəmişdir. Hazırda heç bir yerdə işləmir, qazancı yoxdur. Cavabdeh isə 250 manat məbləğində əmək haqqı alır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini, alimentin məbləğinin dəyişdirilərək hər ay 80 manat olmaqla sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən aliment məbləği müəyyən edildikdən sonra onun və ya cavabdehin ailə həyatında, maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi və bildirdi ki, məhkəmə tərəfindən aliment məbləği müəyyən edildikdən sonra onun və ya iddiaçının ailə həyatında, maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, məhkəmə tərəfindən aliment məbləği müəyyən edilərkən iddia tələbində göstərilənlər nəzərə alınmışdır. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(043)-959/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından 20.12.2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli, 2(043)-819/2016 saylı qətnaməsi ilə hər ay müəyyən olunmuş 117 manat aliment dəyişdirilərək cavabdeh X3 hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı özünün maddi durumunun ağır vəziyyətdə olmasına dair gətirdiyi arqumentlərə əsasən iddianın təmin edilməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, tərəflərin məhkəmədə verdiyi izahatlardan məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə alimentin məbləği müəyyən edilən zaman iddiaçının ailə və maddi vəziyyəti nəzərə alınmış, həmin vaxtdan keçən dövr ərzində heç bir dəyişiklik olmamış, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh uşağa tək başına baxır, keçən müddət ərzində uşaq böyümüş, xərclər və yaşayış minimumu artmışdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırki iş üzrə isə iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra özünün və ya cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik olması ilə bağlı hər hansı əsasa istinad etmədən alimentin miqdarının azaldılmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında alimentin miqdarının müəyyən edilməsi məsələsinə artıq hüquqi qiymət verildiyindən və bu barədə Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, bundan sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, cavabdehin fərdi əməklə məşğul olmasını, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar