Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-195/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 17 sentyabr 2007-cı ıl tarixdə 926 nömrə ilə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan 29 may 2007-ci il tarixdə anadan olmuş Nərminin və 18 iyun 2008-ci il tarixdə anadan olmuş Elçinin saxlanması üçün hər ay hər uşağa cavabdehdən 250 manat olmaqla, cəmi 500 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17 sentyabr 2007ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları - 29 may 2007-ci il təvəllüdlü X5 və 18 iyun 2008 təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğundan aralarında olan nikah bərpa edilə bilməz. Cavabdeh fərdi əməklə məşğuldur. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. Birgə nikahdan olan uşaqlar onun himayəsində qalmışdır. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Mediasiya prosesinə müraciət etsə də, lakin ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirə bilməmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, məhkəmə tərəfindən cavabdehlə barışıq üçün vaxt verilsə də barışıq əldə etmək mümkün olmamışdır. Ona görə də nikahın pozulmasını, onların nikahlarından doğulmuş 29.05.2007-ci il təvəllüdlü X5 və 18.06.2008-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat alimentə onun xeyrinə tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 352521 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 17.09.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 926 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada – “Yusubova” soyadı verilmişdir. İşin materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 991075 nömrəli və AZ-İİ seriyalı, 219532 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 29.05.2007-ci il təvəllüdlü X5 və 18.06.2008-ci il təvəllüdlü X7 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 26.10.2021-ci il tarixli, 2021-006951 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmişdir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadından görünür ki, tərəflərə barışıq üçün 3 ay müddət müəyyən edilməklə məhkəmə iclası 23 may 2022-ci il tarixə, saat 09:50-yə təxirə salınmışdır. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları doğulmuş, uşaqlar anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar və nikahları formal xarakter daşıyır. İddiaçı nikahlarını məhkəmə qaydasında pozulmasını istəmiş, məhkəmə tərəfindən barışmaları üçün üç ay vaxt verilməsinə baxmayaraq onlar barışmamış və tərəflər nikahın pozulmasında israrlıdırlar, ailənin bərpası qeyri-mümkündür. İddiaçı nikahın pozulmasını, birgə nikahlarından doğulmuş, Cavabdeh 29.05.2007-ci il təvəllüdlü X2 və 18.06.2008-ci il təvəllüdlü X3 yetkinik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Tərəflərə barışıq üçün vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar. Məhkəmə hesab edir ki, nikahda olan şəxslər arasında əlaqə tamamilə itirildiyindən nikahın təməl prinsipi olan könüllülük prinsipi pozulmuşdur, tərəflər nikahın pozulmasında israrlı olduqlarından 17.09.2007-ci il tarixdə bağlanmış, 926 saylı akt qeydi ilə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq üçün könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Bundan əlavə məhkəmə diqqətəlayiq olan digər halları nəzərə alıb, birgə nikahdan doğulmuş uşaqların xeyli vaxtdır atalarından ayrı olmaqla anaları ilə birlikdə yaşamaları və uşaqların ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmasını, ən əsası tərəflər arasında uşaqların kimin yanında qalması ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq hesab edir ki, nikah məhkəmə qaydasında pozulduqdan sonra 29.05.2007-ci il təvəllüdlü X5 və 18.06.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər anaları İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını və cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 04 noyabr 2021-ci il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Həmçinin, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli müvəqqəti aliment təyin edilməsi barədə qərardadı ilə tutulan aliment məbləği nəzərə alınmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 280 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3360 manat təşkil etdiyindən, 53,6 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu baxımdan tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 17.09.2007-ci il tarixində Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 926 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 29.05.2007-ci il təvəllüdlü X5 və 18.06.2008ci il təvəllüdlü X7 nikah pozulduqdan sonra anaları İddiaçı yanında saxlanılsınlar. 17 noyabr 2021-ci il tarixdən başlayaraq, 29.05.2007-ci il təvəllüdlü X5 və 18.06.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli qərardadı ilə tutulan aliment məbləği nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Cavabdeh 53,6 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-195/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-195/2022
23.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver