Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2057/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 18.08.2008-ci il təvəllüdlü X3 və 18.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini və dövlət rüsumunun da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(076)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh birgə nikah dövründə 18 avqust 2008-ci il təvəllüdlü X3 və 18 oktyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin tutalaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh aliment ödəməkdən qəsdən yayınmaq məqsədilə uşaqları müvəqqəti olaraq öz yanında saxlamaq istədiyini bildirmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq razılıq vermişdir. Müəyyən vaxtdan sonra isə hiss etmişdir ki, cavabdeh uşaqları qaytarmaq fikrindən uzaqdır. Uşaqları yoxlamaq üçün cavabdeh yaşadığı ünvana gəldikdə isə sarsılmışdır. Belə ki, uşaqlar baxımsız, ac-susuz, geyimləri natəmiz vəziyyətdə olmuşdur. Cavabdehə iradını bildirmiş. O, isə müəyyən müddət qalıb uşaqlara onlarda qulluq etməsini xahiş etmişdir. Sonra məlum oldu ki, cavabdeh aliment barədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək məlum qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, bir yerdə yaşayırlar, uşaqların maddi təminatlarını ödəyir və sair. Məhkəmə iclasında başa düşmüşdür ki, cavabdeh bu hərəkətləri ilə qeyri səmimi və məkrli məqsəd güdməkdədir. Gəncə Apellyasiya Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(104)-2071/2019 saylı qətnaməsinə əsasən, Şəmkir rayon Məhkəməsinin 2(076)-766/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. Cavabdehin bu qeyri - səmimiliyindən və öz övladlarına qarşı olan biganəliyinə görə hər iki övladı ilə birlikdə Gəncə şəhərində qardaşına məxsus mənzildə yaşayır. Hal - hazırda uşaqlar, Gəncə şəhəri, N.Nərimanov adına 25 saylı tam orta məktəbdə təhsil alırlar. Eyni zamanda Şəmkir rayon Məhkəməsinə müraciət edərək cavabdehlə onun arasında Şəmkir rayonu Kür qəsəbə İƏD üzrə nümayəndəlikdə bağlanmış 06 iyun 2008-ci il tarixli, 38 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(076)- 1168/2019 saylı qətnaməsinə əsasən cavabdehlə onun arasında Şəmkir rayon Kür qəsəbə İƏD-si üzrə nümayəndəlikdə bağlanmış 06 iyun 2008-ci il tarixli, 38 saylı nikah pozulmuşdur. Həmin vaxtdan uşaqlar onunla birlikdədirlər və onların maddi tələbatları valideynləri tərəfindən qarşılanmaqdadır. Cavabdeh uşaqlaın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşaqların taleyinə biganədir. Ancaq o, cavabdehin uşaqlarla ünsiyyətinə daim şərait yaratmışdır. Dəfələrlə onun uşaqları saxlamaq vəzifəsi daşıdığını bildirsə də heç bir faydası olmamışdır. Hesab edir ki, cavabdeh bir valideyn kimi borcunu yerinə yetirməli və uşaqların saxlanılması üçün aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, uşaqlar daimi olaraq həftənin 3-4 günü onun yanında qalır və uşaqlar onun yanında qaldığı müddətdə uşaqların bütün xərclərini o özü çəkir. Hazırda bir həftədir ki, Xədicə onun yanındadır. Əlavə olaraq da uşaqların onun yanında olmasını istəyir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə uşaqların üstün mənafeyinin təmin olunması üçün onların fikrininin dinlənilməsini zəruri hesab etdiyindən X6 və X5 məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında iştirak edən X6 bildirdi ki, onun 13 yaşı var və o, Gəncə şəhəri 25 nömrəli tam orta məktəbdə oxuyur. Anası, bacısı və nənəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Onlar ayda bir-iki dəfə atalarının yanına, Şəmkirə gedirlər. Bu zaman həftənin cümə günü dərsdən çıxdıqdan sonra ataları onların arxasınca taksi göndərir və ya marşrut avtobusu ilə gedirlər. Həftənin cümə günü gedib növbəti həftənin bazar ertəsi günü qayıdırlar. Bəzən isə həftənin çərşənbə günü qayıdırlar. Bəzi aylarda ümumiyyətlə atalarının yanına getmirlər. Keçən il yay tətilində bir ay Şəmkirdə atalarının yanında qalıblar. Bacısı Xədicə hazırda bir həftəyə yaxındır ki, atasının yanındadır. Onların geyim və məktəb ləvazimatlarını həmişə anası alır, atası bunun üçün pul göndərir. Məhkəmə iclasında iştirak edən tərəflərin nikahlarından doğulmuş X5 bildirdi ki, onun 8 yaşı var və Gəncə şəhəri 25 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. O, indi bir həftədir ki, atasının yanındadır. Bacısı ilə birlikdə atasının yanına tez-tez gedirlər. Onların paltarını və digər əşayalarını anası alır atası bunun üçün anasına pul göndərir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18.08.2008-ci il təvəllüdlü X3 və 18.10.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(076)-1168/2019 saylı qətnəməsinin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahlarından 18.08.2008-ci il təvəllüdlü X3 və 18.10.2012-ci il təvəllüdlü X2 X1 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah 03.09.2019-cu il tarixdə ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş 16.06.2021-ci il tarixli arayışdan görünür ki, Orucov X7 Poçt filialının Kür poçt şöbəsində rəis vəzifəsində işləməklə 275 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşaqların minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, o cümlədən uşaqların yaşayış yerinin analarının yanında müəyyən edilməsinə baxmayaraq tez-tez cavabdehin yanında qalmaları və bu zaman onların saxlanması xərclərini cavabdehin çəkməsini, lakin uşaqların geyim, məktəb ləvazimatı və s. xərclərini iddiaçının çəkməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləği ilə 110 manat aliment tutulması uşaqların mənafeyinə və işin hallarına uyğundur. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 18.05.2021-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18.08.2008-ci il təvəllüdlü X3 və 18.10.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 110 ( bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 18 may 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2057/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2057/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver