Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-207/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasına, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 05.05.2010-cu il təvəllüdlü X3, 25.06.2007-ci təvəllüdlü X5, 12.07.2008-ci il təvəllüdlü X6 və 13.03.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə məhkəməyə ərizə verərək, 12.07.2008-ci il təvəllüdlü X6 və 05.05.2010-cu il təvəllüdlü X1 hər uşaq üçün yetkinlik yaşına çatana qədər hər biri üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat alimentin hər ay Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın İddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması” barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 2006-ci ildə faktiki ailə qurmuşlar. Faktiki nikahdan 05.05.2010-cu il tarixdə X3 və 25.06.2007-ci il tarixdə isə X5, 12.07.2008-ci il təvəllüdlü X6, 13.03.2016-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da aralarında münasibətlər pozulmuşdur. Ötən müddət ərzində cavabdeh bir dəfə də olsun ki, uşaqları ilə maraqlanmamış, onların maddi təminatının ödənilməsi üçün heç bir köməklik göstərməmişdir. Ona görə də hazirki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övlada məhəbbət onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız otaraq hər bir azərbaycanlı qadına bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. Hər bir valideyn öz övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun həm müqəddəs öhdəliyi, həm də müqəddəs arzu və haqqıdır. Çünki, böyüyən xəstə xüsusi diqqət xalqın qanından, canından onun təfəkkür tərzindən irəli gəlir ki, bu da onu digər millətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, hal-hazırda fərdi əməklə məşğul olur, yəni ustalıq edir. Aylıq normal qazancı vardır. İddiaçı uşaqları özünə versə hətta onlara da baxa bilər. İddiaçıdan sonra el adəti ilə ikinci dəfə ailə həyatı qurmuş və hazırda həyat yoldaşı vəfat etmişdir. İddiaçıdan dörd uşağı və ikinci ailə münasibətindən isə üç uşağı vardır. İddiaçının aliment tələbini qismən qəbul edir və 12.07.2008-ci il təvəllüdlü X6 və 05.05.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 127623 nömrəli və AZ-İİ seriyalı, 977269 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərin 12 iyul 2008-ci il təvəllüdlü X6 və 05 may 2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 112429 nömrəli və AZ-İ seriyalı, 215572 nömrəli “atalığın müəyyən edilməsi” haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətidən görünür ki, İddiaçı doğulmuş 12 iyul 2008-ci ildə doğulmuş X6 və 05 may 2010cu ildə doğulmuş X3 adlı uşaqların atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 12.11.2021-ci il tarixli, MŞİH-05773 nömrəli arayışdan görünür ki, İddiaçı Əii qızı və vətəndaş X4 aliə münasibətlərindən irəli gələn “alimentin tələbinə dair” mübahisə üzrə 12.11.2021-ci il tarixində, saat 10:00-da Gəncə şəhəri Atatürk prospekti 438A ünvanında mediator X8 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki ailə münasibətlərindən 05.05.2010-cu il təvəllüdlü X3, 25.06.2007-ci təvəllüdlü X5, 12.07.2008-ci il təvəllüdlü X6 və 13.03.2006-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri pozulmuş, uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzində birgə ailə münasibətlərindən doğulan uşaq anasının yanındadır. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən İddiaçı “aliment” tələbinə dair mediasiya şurasında müraciət etmiş, lakin Cavabdeh ilə barışıq əldə edilmədiyi üçün, “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ikinci dəfə faktiki ailə münasibətləri qurmuş və ikinci ailə münasibətindən üç uşağı olmuşdur. İddiaçının məhkəmə iclasında iddia tələbinin təmin edilərək 12.07.2008-ci il təvəllüdlü X6 və 05.05.2010-cu il təvəllüdlü X1 hər uşaq üçün yetkinlik yaşına çatana qədər hər biri üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat alimentin hər ay Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək 12 iyul 2008-ci il təvəllüdlü X2 və 05 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş edərək, əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin, iddiaçı isə cavabdehə qarşı iddia tələbində qeyd edilən alimenti ödəmək iqtidarında olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022 – ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, cavabdehin ikinci ailə münasibətindən də yetkinlik yaşına çatmayan üç azyaşlı uşağının olmasını və tələb edilən aliment məbləğini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və iddia tələbi təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 300 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3600 manat təşkil etdiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 12 iyul 2008-ci il təvəllüdlü X2 və 05 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması 22 noyabr 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-207/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-207/2022
27.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver