Məhkəmə qərarları › İş №2(043)-2084/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2084/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2084/2020 16.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı pul və əşya tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 28000 (iyirmi səkkiz min) manat pulun və 3430 (üç min dörd yüz otuz) manat dəyərində ev əşyalarının və ya onların dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, cavabdehlərin yaşadığı ərazi Gəncə şəhəri, Nizami rayonu olmaqla iddia ərizəsi aidiyyət qaydaları pozularaq X3 Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iddia ərizəsindən və şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, cavabdehlər ünvan 1 A ünvanda yaşayırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin yaşadıqları və qeydiyyatda olduqları yer Gəncə şəhəri, Nizami rayonu olduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur (MPMin 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı pul və əşya tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı pul və əşya tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X3 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar