Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-215/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, cavabdeh ləğv prosesində olan Maraqlı şəxs ASC-in etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və ləğv prosesində olan Maraqlı şəxs ASC -yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs ləğv prosesində olan «Maraqlı şəxs” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz Rayonu, Dədə Qorqud küçəsi, 48A nömrəli evin 35 nömrəli mənzilinin ipotekaya qoyulması barədə 10 fevral 2014-cü il tarixli 03 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin ipotekadan azad olunması və həmin mənzil üzərində 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 27 sentyabr 2013-cü il tarixdə "Maraqlı şəxs" ASC-dən 24 aylıq güzəştlə 60 ay müddətinə 100 000 (bir yüz min) manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borc öhdəliyinin təminatı kimi 27 sentyabr 2013-cü il tarixli 33/1i saylı ipoteka müqaviləsi əsasında X4 məsxus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 94 nömrəli evin 81nömrəli mənzilini və 27 sentyabr 2013-cü il tarixli 33/2i saylı ipoteka müqaviləsi əsasında X1 məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,279 ha torpaq sahəsini ipoteka qoymuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh 10 fevral 2014-cü il tarixli 03 saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Kəpəz Rayonu, Dədə Qorqud küçəsi, 48A nömrəli evin 35 nömrəli mənzilini 27 sentyabr 2013-cü il tarixli 33 saylı kredit müqavilənin təminatı kimi ipotekaya qoymuşdur. Halbu ki, cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Dədə Qorqud küçəsi, 48A nömrəli evin 35 nömrəli mənzilini ipoteka qoyarkən iddiaçının məlumatı olmamış nədə ki, razılığı alınmamışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs ləğv prosesində olan «Maraqlı şəxs” ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh 27 sentyabr 2013-cü il tarixdə "Maraqlı şəxs" ASC-dən 24 aylıq güzəştlə 60 ay müddətinə 100000 (bir yüz min) manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmini üsulu kimi cavabdeh Gəncə şəhəri, Kəpəz Rayonu, Dədə Qorqud küçəsi, 48A nömrəli evin özünə məxsus 35 nömrəli mənzilini bank qarşısında ipoteka qoymuşdur. Sənədləşmə işləri aparılarkən iddiaçının verdiyi etibarnaməyə əsasən onun adından əri (hazırki cavabdeh) Cavabdeh çıxış edərək iddiaçının adından mübahisələndirilən mənzilin kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmasına notarial qaydada razılıq ərizəsi vermişdir. İddia tələbinin əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: V-JQ 419575 nömrəli notarial qaydada təsdiq olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 28 noyabr 1999-cu ildə qeydə alınmışdır. 27.09.2013-cü il tarixli 33 saylı kredit müqaviləsindən görünür ki, «Maraqlı şəxs” ASC tərəfindən 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 100000 (bir yüz min) manat məbləğində kredit verilməsi barədə tərəflər arasında müqavilə bağlanmışdır. 10.02.2014-cü il tarixli, 03 nömrəli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 27.09.2013-cü il tarixli 33 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası məqsədi ilə özünə məxsus Gəncə şəhəri, Kəpəz Rayonu, Dədə Qorqud küçəsi, ev 48A, 35 ünvanda yerləşən mənzili «Maraqlı şəxs” ASC-yə ipotekaya qoymuşdur. Gəncə şəhəri 1 saylı notariat ofisində 21.05.2013-cü il tarixli 7E-4247 nömrə ilə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olyaaraq özünə məxsus bütün əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək…. əmlakı ipoteka qoymaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda adından ərizə vermək səlahiyyətini və.s Cavabdeh etibar etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə islasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının əri Cavabdeh mübahiəsli mənzlin mülkiyyətçisi olmaqla mülkiyyətində olan mənzili qanunvericiliyin tələblərinə uyğun bankla öz arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraqa bank qarşısında poteka qoymuş, iddiaçı mübahisəli mənzilin ipoteka qoyulmasına dair onun adından razılıq verilməsi səlahiyyətini əri Cavabdeh etibar etmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin etibarsızlıgını qanunla müəyyən edilmiş müddət keçdikdən sora mübahisələndirmişdir. Belə ki MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs ləğv prosesində olan «Maraqlı şəxs” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan azad edilməsinə dair iddia tələbi iddia müddətinin keçməsinə görə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs ləğv prosesində olan «Maraqlı şəxs” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan azad edilməsinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-215/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-215/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver