Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2207/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01.12.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat və analıq haqqı kimi 50 manat, cəmi 225 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə el adəti ilə toyları olmuşdur. Rəsmi nikaha 05.09.2020-ci il tarxidə daxil olmuşlar. Birgə nikahdan bir uşaqları anadan olmuşdur: 01.12.2020-ci il təvəllüdlü X6. Uşaq 6 aylıq körpə ikən cavabdehlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt baş verən mübahisədən təsirləndiyindən ata evinə qayıtmışdır. Münasibətləri pozulan vaxt cavabdeh uşağı ilə maraqlansa da, artıq uşağı ilə maraqlanmır, onun ehtiyaclarını qarşılamır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, cavabdeh heç bir yerdə işləmir. Bununla belə o, uşağın saxlanması üçün hər ay 120 manat ödəməyə razıdır. Odur ki, iddianın qismən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə cavabdeh X2 03.09.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların nikahı Gəncə “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində nikahın bağlanmasının akt qeydləri kitabında 1049 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov” arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şahadətnamələrin surətindən görünür ki, 01.12.2020-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Banunun valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi izahatında cavabdehin işləmədiyini bildirsə də, məhkəmə hesab edir ki, valideynin işləməməsi və ya qazancının məbləği onun uşaqlarını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay 160 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 02.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın “iddiaçının xeyrinə hər ay analıq haqqı kimi 50 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsində göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsində göstərilmişdir ki, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 01.12.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 02.06.2021-ci il tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2207/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2207/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver