Məhkəmə qərarları › İş №2(043)-2262/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2262/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2262/2021 11.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahlarından doğulmuş 17.07.2013-cü il təvəllüdlü X2 və 03.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2021-ci ilin yanvar ayından hesablanmaqla hər ay 200 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli 2(043)-1433/2021 saylı qətnaməsinə əsasən cavabdehi bütün gəlirlərindən alimentin tutulması qət olunsa da hazırda onun gəlirləri 45 manat təşkil edir, bu isə uşaqların minimal tələbatını belə ödəmir. Bu baxımdan cavabdehdən sabit pul məbləği ilə alimentin tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.05.2021ci il tarixli 2(043)-1433/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və himayəsində olan 17.07.2013-cü il təvəllüdlü X2 və 03.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2021-ci ilin yanvar ayından hesablanmaqla hər ay cavabdehin bütün gəlirlərindən aliment tutulması tələbinə dair iddia irəli sürmüşdür. Məhkəmə (hakim Z.Hüseynov) iddianı qismən təmin etmiş, tərəflərin nikahının pozulması, nikah pozulduqdan sonra X2 və X1 anaları İddiaçı yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün 29 mart 2021-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasını qət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini hakimi Z.Hüseynov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 2(043)-1433/2021 saylı qətnamədən apelyasiya şikayəti vermişdir. Qətnamədən apelyasiya şikayəti verilməsi müddəti başa çatdıqdan sonra mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi nəzərdə tutulmuşdur. İddiaçı apellyasiya şikayətinin surətindən görünür ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsinin alimentin tutulmasının tarixi hissəsində dəyişdirilərək alimentin tutulmasının əvvəlinin 2012-ci ilin yanvar ayından hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı 2021-ci ilin yanvar ayından hesablanmaqla aliment tutulmasına dair iddia ərizəsi üzrə mülki işin icraatı davam etməkdədir və çıxarılmış qətnamədən apellyasiya şikayəti verildiyi üçün qətnamə qanuni qüvvəsini almamışdır. İddiaçı isə yenidən eyni tələbi irəli sürmüş, lakin bu dəfə alimenti sabit pul məbləği ilə tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi alimentin miqdarının dəyişdirilməsi tələbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan normada “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra” müddəası alimentin tutulması barədə qəbul edilmiş qətnamənin qanuni qüvvəyə minməsindən sonrakı dövrü nəzərdə tutur. O da qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti 2021-ci ilin yanvar ayından etibarən cavabdehin bütün gəlirlərindən aliment tutulması, hazırkı iddiası isə cavabdehdan 2021-ci ilin yanvar ayından etibarən sabit pul məbləği ilə alimentin tutulması barədədir. Həm şikayətin, həm də iddianın təmin ediləcəyini fərz etsək, bu zaman eyni dövr üçün müxtəlif miqdarlarda alimentin tutulması barədə birbiri ilə ziddiyyət təşkil edən qətnamələr qəbul ediləcəkdir ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar