Məhkəmə qərarları › İş №2(043)-2303/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2303/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2303/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində qalması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində qalması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşayış dövründə doğulmuş - xx xxxx 2013-cü il təvəllüdlü oğlu Ağayev (Zeynalov) Eldar Sərxan oğlunun onun himayəsində qalması; Cavabdeh İlqar oğlundan birgə yaşadıqları dövrdə -xx xxxx 2013-cü il tarixdə anadan olmuş oğlu X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulması və ona ödənilməsi barədə qətnamə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideynlərinin razılığı ilə o, Cavabdeh 2004-cü ildə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar və cavabdeh yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Fətizadə küşəsi ev 5-ə gəlin köçmüşdür və 6 il bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə - xx xxxx 2013-cü il tarixdə Ağayev (Zeynalov) X6 şəhərində anadan olmuşdur. Uşaqları Ağayev (Zeynalov) Eldar Sərxan oğlunun xx xxxx 2013-cü il tarixdə doğulması barədə Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2013- cü il tarixli 1962 saylı aktı ilə qeyd edilmiş, AZ İİİ № 116737 nömrəli Doğum haqqında şəhadətnamə və Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli, 254-saylı aktı ilə qeyd edilmiş AZ-İ № 2303377nömrəli Atalığın müəyyən olunması haqqında Şəhadətnamə də almışlar. O, 2018-ci ilin avqust ayına kimi, ailəsi ilə birlikdə yaşamışlar. Əvvəllər ailələrində mehribançılıq olmuşdur. Lakin sonralar cavabdehlə aralarında ailə münasibətləri kəskinləşməyə başladı. Hətta uşağın dünyaya gəlməsi də həyat yoldaşına təsir edə bilmədi, əksinə o daha da biganə və laqeyd insana çevrildi, ondan nəsə tələb edəndə isə daha da azğınlaşmağa başladı. Amma o, yenə də düşünürdü ki, bunlar ötəri məsələlərdir, yəqin yenə də keçər. Amma sonra aydın oldu ki, bu artıq onda xasiyyət kimi formalaşıb. Artıq xeyli vaxtdır ki, onlar faktiki olaraq ərarvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsun uşağı ilə maraqlanmayıb, onların heç bir ehtiyaclarını ödəməyib. Cavabdeh İlqar oğlu ona və azyaşlı uşağına baxmır, heç bir maddi köməklik göstərmir. O, heç bir yerdə işləmir. Valideynlərinin köməkliyi ilə uşağına baxır. Lakin bu vəziyyətdə uşağın təminatını ödəmək çətindir. Cavabdeh İlqar oğlu bərbər işləməklə pul qazanır. Özünün deməsinə görə aylıq gəliri 500-600 manatdır. Cavabdeh İlqar oğlu uşağın saxlanılması üçün pul vermir və hal-hazıra kimi uşağın saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, qayınatasının 2 ədəd salonu var və cavabdehin göstərilən alimenti ödəməyə imkanı çatır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş AZ-İ seriyalı, 230377 nömrəli Atalığın müəyyən olunması haqqında şahadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə İddiaçı doğulmuş X4 atası Cavabdehdur. İşə əlavə edilmiş AZ-İİİ seriyalı, 116737 nömrəli doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə, doğulmuş, onun atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşin faktiki halı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahları olmadan faktiki ailə münasibətlərində olmuşlar, onların faktiki ailə münasibətlərindən xx.xx.2013-cü il tarixdə Eldar adlı bir oğlan uşaqları doğulmuşur. Uşaq anası ilə birlikdə olmaqla tərəflər uzun müddətdir ayrı yaşayırlar. Tərəflər arasında münasibət pozulduğundan və cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərmədiyindən iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respulikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin müvafiq olaraq 3 və 4-cü hissəsində nəzərdə tutulmuş müddəalara əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Qeyd olunan Məcəllənin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə diqqətəlayiq olan digər halları, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşağın ana qayğısına daha çox ehtiyacı və ona bağlı olmasını, uşağın atasından ayrı uzun müddət anası ilə birlikdə yaşamasını, atanın uşağın onun yanında saxlanılması barədə xahişinin olmamasını nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü Ağayev (Zeynalov) Eldar Sərxan oğlunun yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsini nəzərə alınaraq iddia qismən təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin stabil qazancının olmasına dair sübutun təqdim edilməməsi onun yetkinlik yaşına çatmamış uşağının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay 160 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub, İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X10 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar