Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2353/2020 19.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən himayəsində qalan Aydan, Zəhra, Aytən, Rəşad və Aytəkin adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 5 uşaqları doğulmuşdur: xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-34/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş qızlarının onun yanında saxlanılması və hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdeh onunla barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə oğlanları dünyaya gəlmişdir. Lakin hazırda cavabdehlə birgə yaşamır, o, uşaqlarına baxmır, onlara maddi yardım etmir, onlarla ümumiyyətlə maraqlanmır. İddiaçı isə təkbaşına uşaqların minumum ehtiyacını belə ödəməyə çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehdən birgə nikahdan olan uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, ümumillikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o heç bir yerdə işləmir, daimi gəliri yoxdur. Birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 80 manat aliment ödəməyə imkanı vardır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X4, xx.xx.2007-ci il tarixdə X2, xx.xx.2010-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X7 doğulmuşlar. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-34/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli 626 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh uşaqların saxlanılması üçün hər ay 70 manat olmaqla, ümumilikdə 280 manat alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması Kəpəz rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2011-ci il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Fərəcullayev, qadına Fərəcullayeva soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-568/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qərardadının surətindən görünür ki, tərəflər arasında barışıq əldə edildiyindən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-34/2014 saylı xx xxxxx 2014-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Aydan, Aytəkin, Aytən, Zəhra və Rəşad adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilmişdir”. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmadan cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxx 2007-ci il təvəllüdlü X2, xx xxxxxx 2010-cu il təvəllüdlü X5, xx xxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2353/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2353/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver