Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-239/2022 15.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh na qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 08 yanvar 2006-cı il təvəllüdlü X5 və 01 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 avqust 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 30 iyun 2000-ci il tarixdə X7, 18 mart 2003-cü il tarixdə X8, 08 yanvar 2006-cı il tarixdə X5 və 01 iyul 2009cu il tarixdə X9 adlı dörd övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra mehriban yaşamış, bir müddət keçəndən sonra aralarındakı münasibət kəskinləşmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(043)-806/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Artıq ayrı yaşayırlar. Cavabdehlə birgə nikahlarından olan uşaqların dördü də onun himayəsindədir. 30 iyun 2000-ci il təvəllüdlü X7 və 18 mart 2003-cü təvəllüdlü X8 yetkinlik yaşına çatmışlar. Halhazırda 08 yanvar 2006-cı il təvəllüdlü X5 və 01 iyul 2009-cu il təvəllüdlü X9 məktəblidirlər. Cavabdeh heç vaxt uşaqların qayğısına qalmamış, uşağa qarşı fiziki zorakılıq tətbiq etməkdən çəkinməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək nikahları pozulduğu zaman uşaqlardan ikisinin onun, ikisinin isə cavabdehin yanında qalması ilə bağlı razılığa gəldiklərini, buna baxmayaraq cavabdehin uşaqları ondan götürmədiyini və X5 və X4 digər uşaqları ilə birlikdə onun yanında qaldıqlarını, həmin vaxtdan bəri də uşaqlara özünün baxdığını, cavabdehin hazırda harada yaşadığı barədə məlumatı olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X2 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dinlənilmiş 08 yanvar 2006-cı il təvəllüdlü X5 bildirmişdir ki, hazırda onun 16 yaşı var. Atası və anası 2019-cu ilin əvvəlindən ayrılmışdır. Həmin vaxtdan bəri anası ilə əlaqəsi yoxdur, anasının harada olmasından məlumatsızdır. Valideynləri ayrıldıqdan sonra o, qardaşı Elvinlə birlikdə atasının yanında qalmışdır. Hazırda Tovuz rayonu Qovlar şəhərində yaşayırlar. Bundan əlavə, onun Şura və Bəşir adında bacı və qardaşı var, onlar Rusiyada yaşayırlar. Məhkəmə iclasında dinlənilmiş 01 iyul 2009-cu il təvəllüdlü X9 bildirmişdir ki, üç il olar ki, anası onlarla əlaqə saxlamır, anasının harada olması barədə məlumatı yoxdur. Valideynəri ayrıldıqdan sonra bacısı Elvira və atası ilə birlikdə yaşayır. Böyük bacısı Şura və qardaşı Bəşir Rusiyada yaşayırlar. Onlar da atası ilə birlikdə bir müddət Rusiyada yaşamışdır. Hazırda Qovlar şəhərində yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 08.01.2006-cı il təvəllüdlü X5 və 01.07.2009-cu il təvəllüdlü X4 valideynlərianaları Cavabdeh ataları İddiaçıdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(043)- 806/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmişdir. Qətnamənin təsviri hissəsində tərəflərin qarşılıqlı razılığa gələrək uşaqlarından Şura və Bəşirin ataları ilə, Elvira və Elvinin isə anaları ilə qaldıqları qeyd edilmişdir. AZ-İ seriyalı, 321955 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 iyul 2019-cu il tarixdə 170 nömrə ilə qeyd aparılmışdır. Tovuz Rayon İcra hakimiyyəti başçısının Qovlar şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Alıyev X6 şəhəri, N.ünvan 1 ünvanda X5 və X9 ilə birlikdə yaşayır. Tovuz şəhəri N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydən verilmiş 24.09.2021-ci il tarixli arayışlardan məlum olur ki, X5 və X9 həmin məktəbdə təhsil alırlar. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 10 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı ilə cavabdeh 15 avqust 2007-ci il tarixdə nikaha daxil olmuş, onların nikahlarından dörd uşaqları doğulmuşdur. Tərəflərin nikahı 15 fevral 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuş, tərəflər şifahi olaraq uşaqlarından Şura və Bəşirin iddiaçı ilə Elvira və Elvinin isə cavabdehlə qalmasını razılaşdırsalar da uşaqların hamısı faktiki olaraq iddiaçının yanında qalmışdır. Hazırda da tərəflərin yetkinlik yaşına çatmamış uşaqları Elvira və Elvin iddiaçının yanında yaşayırlar. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb edir. İddiaçı cavabdehin qazancı və digər gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu bir ay üçün 193 manat təşkil edir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan miqdarda valideynindən maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflərin uşaqların saxlanmasında iştirakının ədalətli tarazlığı üçün cavabdehdən uşaqların saxlanmaları üçün hər ay, hər uşağa görə sabit pul məbləği ilə 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 01.12.2021-ci il tarixdən hesablanmalı və həmin hissədə qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilsə də ərizənin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddianın qiyməti 4200 manatdır (350x12). İddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 48,8 manat dövlət rüsumunun 33 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Cavabdeh ilkin mediasiya sessiyasında hər hansı üzrlü səbəb göstərmədən iştirak etmədiyindən mediasiya xərci kimi ödənilmiş 50 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 yanvar 2006-cı il təvəllüdlü X5 və 01 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 01.12.2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, mediasiya xərcinin əvəzi qismində 50 (əli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-239/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-239/2022
15.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver