Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-243/2021 05.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı evin naturada bölünməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1/4 hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi 5 nömrəli evin 7 nömrəli mənzilə köçürülmələrinə və mənzilin naturada paylarına uyğun şəkildə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək paylı mülkiyyətlərində olan Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi, 5 nömrəli evin 7 nömrəli mənzilinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasəniddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onların bacısıdır. Mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 5 nömrəli evin 7 nömrəli mənzili paylı mülkiyyətlərində olmaqla hər birlərinin ¼ hissədə payları müəyyən edilmişdir. Lakin cavabdeh həmin mənzilin qapısını bağlayaraq onların paylı mülkiyyətlərində olan mənzilə köçmələrinə imkan verməmişdir. Həmin mənzilin açarları cavabdehdə olmaqla mənzili kirayə verib, onları mənzilə buraxmır.Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər iddiaçılar İddiaçı3 və İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- ********** qeydiyyat nömrəli, **********66-05101-093001 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 5 nömrəli evin 7 nömrəli mənzili hər birinin payı 1/4 hissədə olmaqla, paylı mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh məxsusdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçıların izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçıların iddia etdikləri mənzil onların paylı mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarına edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla iddiaçılar paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 5 nömrəli evin 7 nömrəli mənzilinə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 5 nömrəli evin 7 nömrəli mənzilinə köçürülsünlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-243/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-243/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver