Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-245/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X6 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “X6 Azərbaycan” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov küçəsi, 241 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair "xxxx" QSC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 may 2012-ci il tarili ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bəbişov Mehman Xaliq oğlu "xxxx" QSC-dən 03 fevral 2015-ci il tarixdə illik 14% ödəmək şərti ilə 48 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 03 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini təmin etmək məqsədi ilə kreditor ilə onun və anası X4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin həmin müqavilə üzrə öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Nəzakət Verdiyeva ilə 194418/01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa atası Cavabdeh1 ilə "xxxx" QSC-nin Gəncə filalı arasında 25 iyul 2011-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. 10 may 2012-ci il tarixdə isə tərəflər arasında ipoteka müqaviləsi bağlanmışdır. Əmlakın girov qoyulmasından və gələcəkdə hərracda satılacağı və ya bankın balansına keçiriləcəyi haqda heç bir məlumatı olmamış və bununla bağlı notariat kontorunda razılıq ərizəsi verməmişdir. İndi ona məlum olmuşdur ki, bu əmlakın girov qoyulub. Hesab edir ki, ipoteka müqaviləsi etibarsız hesab edilməli və Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov küçəsi, 241 nömrəli ev ipotekadan azad edilməlidir. Ərizəsinə əlavə etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov küçəsi, 214 nömrəli evdə qeydiyyatda olmasına və yaşamasına baxmayaraq, ipoteka müqaviləsi bağlanarkən anası X3 verilmiş forma 2 arayışda yaşayış sahəsində hüququ olanlar qrafasında qeyd edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, 2011-ci ildə o, «X6 Azərbaycan” QSC ilə müqavilə bağlayaraq, kredit götürmüşdür. Bundan sonra Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov küçəsi, 241 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin, həmin vaxt qeyd edilən ünvanda yaşayan və istifadə hüququ olan qızı İddiaçı xəbəri olmamış, ipoteka müqaviləsi bağlanılarkən onun razılığı alınmamışdır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh «X6 Azərbaycan” QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10.05.2012-ci il tarixli, 36746/02 saylı ipoteka müqaviləsindən görünür ki, «X6 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2011-ci il tarixli 36746/01 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospektində 0,06 ha torpaq sahəsində yerləşən 241 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı, ipoteka saxlayan, ipotekaqoyan və borcalan arasında üçtərəfli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli, 2(043)-1744/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Bəbişov Mehman Xaliq oğlundan, Cavabdeh1 və X1 müştərək qaydada tərəflər arasında bağlanmış 03 fevral 2015-ci il, 194418/01 №li kredit müqaviləsi üzrə 38480,57 manat əsas borcun, 2583,99 manat əsas məbləğə faiz borcunun, 13.67 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 41078,23 manat kredit borcunun alınaraq, iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Bəbişov Mehman Xaliq oğlundan, Cavabdeh1 və X1 müştərək qaydada ididaçı tərəfindən ödənilmiş 19,25 manat müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişin (pretenziyaların) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında göndərilməsi üçün çəkilmiş poçt xərclərinin alınaraq, iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Bəbişov Mehman Xaliq oğlundan, Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi ilə əlaqədar ödənilmiş 30,0 manat dövlət rüsumunun alınaraq, iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdehlər Bəbişov Mehman Xaliq oğlundan, Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq, iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, 03 fevral 2015-ci il tarixli, 194418/01 №-li kredit müqaviləsi üzrə cəmi 41078,23 (qırx bir min səkkiz manat 23 qəpik) manat kredit borcunun, 19,25 (on doqquz manat 25 qəpik) manat müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişin (pretenziyaların) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş xərclərin, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair ödənilmiş 30,0 manat məbləğində xərcin ödənilməsi, tərəflər arasında bağlanmış 03 fevral 2015-ci il tarixli, 194418/01 №-li ipoteka müqaviləsi üzrə Verdiyeva Nəzakət Bəylər qızının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 122,0 kv.m, yaşayış sahəsi 62,9 kv.m, yardımçı sahəsi 59,1 kv.m-dən ibarət olan, 3 otaqlı, 241 №-li fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması,evin ilkin satış qiymətinin 90000,0 (doxsan min) manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunan puldan 03 fevral 2015-ci il tarixli, 194418/01 №-li kredit müqaviləsi üzrə cəmi 41078,23 (qırx bir min yetmiş səkkiz manat 23 qəpik) manat kredit borcunun, 19,25 manat müqavilə üzrə öhdəlikləri pozduğuna dair cavabdehə bildirişin (pretenziyaların) və ipoteka qoyana ipoteka qoyulnmş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, iddia ərizəsi üzrə dövlət büdcəsinə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xərcin alınaraq iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, satış pulundan qalan hissənin X3 qaytarılması, ev satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018-ci il tarixli, 2(104)-401/2018 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(043)- 401/2018 saylı qətnaməsinin iddia tələbinin cavabdehlərdən müştərək qaydada 38480,57 manat əsas borcun, 2583,99 manat əsas məbləğə hesablanmış faiz borcunun təmin edilmiş hissəsində dəyişdirilərək əsas borc üzrə cavabdehlər Bəbişov Mehman Xaliq oğlundan, Cavabdeh1 və X1 müştərək qaydada 37082 manat 57 qəpik, faiz borcu üzrə 2245 manat 59 qəpik tutulması, qətnamə iddia tələbinin qalan hissəsində cavabdeh Bəbişov Mehman Xaliq oğluna münasibətdə dəyişdirilmədən saxlanılması, 145 manat məbləğində ekspertiza xərcinin 110 manatı cavabdeh Bəbişov Mehman Xaliq oğlundan, 35 manatı isə «X6 Azərbaycan» QSC-dən tutularaq aşağıdakı hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(102)-3976/2019 saylı qərarına əsasən iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin və cavabdeh Bəbişov Mehman Xaliq oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə “X6 Azərbaycan” QSC arasında 25 iyun 2011-ci il tarixli 36746/01 saylı kredit xəttinin açılması barədə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə 50000 manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi razılığına gəlinmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X4, borcalan Cavabdeh1 və ipotekasaxlayan Bank arasında 10 may 2012-ci il tarixli 36746/02 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov rayonu, 241 ünvanda yeləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən Bank qarşında yaranmış borc öhdəlikləri icra edilmədiyindən Kreditor-Bank məhkəməyə müraciət etmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək müəyyən məbləğdə pul borcludan və zaminlərdən müştərək qaydada tutulmuş və tələb üzrə tutmanın ipoteka predmeti olan əmlaka - ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apelyasiya şikayəti üzrə Gəncə Apelyasiya Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018ci il tarixli qətnaməsi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş kassasiya şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Hazırda iddiaçı, iddia ərizəsində mübahisələndirilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində daimi qeydiyyatda olduğunu və orada yaşadığını, lakin həmin evin ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyi vaxt onun razılığının alınmadığını qeyd edərək, ipoteka müqavilənin etibarsız sayılmasını tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.11.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarına istinad edərək qeyd edir ki, X4, Cavabdeh1 və “X6 Azərbaycan” QSC arasında bağlanılmış ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi vaxt, iddiaçının həmin evdən istifadə hüququ olan şəxs kimi razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, iddiaçı cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar da məhkəmə iclasında müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ipoteka müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və «X6 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-245/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-245/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver