Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2543/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07.07.2008-ci il təvəllüdlü X2, 26.08.2009-cu il təvəllüdlü X5 və 01.01.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat alimentin və 5 ildir ödənilməyən alimentin onun xeyrinə tutulmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahlarını 07.06.2007-ci il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Onlar cavabdehlə 5 ildən artıqdır ki, faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh uşaqların maddi təminatı ilə maraqlanmır, maddi yardım etmir. O, uşaqlarına baxmaqda çətinlik çəkir. 5 ildir ki, alimentlə bağlı məhkəməyə müraciət etməməsinin səbəbi cavabdehin könüllü olaraq uşaqlara maddi dəstək olması olmuşdur. Lakin cavabdeh artıq uşaqlara maddi dəstək göstərmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, Cavabdeh ilə X3 nikahı 07.06.2007-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 207 nömrə ilə qeyd edilməklə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədzadə, arvada Məmmədzadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şahadətnamələrin surətindən görünür ki, 07.07.2008-ci il təvəllüdlü X2, 26.08.2009-cu il təvəllüdlü X5 və 01.01.2014-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Məhəmməd, Rəsul və Toğrul adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında yaşadıqlarından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat aliment ödənilməsini tələb etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün gəlirinin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 25.06.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, iddiaçı ərizəsində alimentin tutulması müddətinin 5 il əvvəldən hesablanmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Ailə Məcəllənin 100.3-cü maddəsində qeyd edilir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment üç illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən əvvəlki dövr üçün aliment beş il yox, ən çox üç il həddində tutula bilər. Digər tərəfdən, əvvəlki dövr üçün alimentin tutulması üçün iddiaçı cavabdehdən aliment tələb etmək üçün müvafiq tədbilər görməli, lakin cavabdeh bundan boyun qaçırmış olmalı idi. Lakin, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl aliment tələb etmək üçün cavabdehə müraciət etməsini, bu barədə lazımi tədbirlər görməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, bu vəziyyətdə alimentin məhkəməyə müraciət etməmişdən əvvəlki dövr üçün tutulması mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 07.07.2008-ci il təvəllüdlü X2, 26.08.2009-cu il təvəllüdlü X5 və 01.01.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 25.06.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2543/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2543/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver