Məhkəmə qərarları › İş №2(043)-2651/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2651/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2651/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh Vilayət qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Vilayət qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vilayət qızının xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, 100 manat müəyyən edilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-829/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə oğlu Hüseynin saxlanması üçün Cavabdeh Vilayət qızına 170 manat aliment ödəməsi qət edilmişdir. Hazırda Hüseyn anasının himayəsindədir və o, çox çətinliklə aliment ödəyir. O, ruhi xəstədir, iş qabiliyyəti yoxdur. O əlil olduğu üçün 130 manat təqaüd alır, ailəsi ona kömək etmir, verilən təqaüdlə yaşamağa çalışır. Hazırda maddi vəziyyəti ağırlaşdığı üçün məhkəmənin müəyyən etdiyi alimenti ödəyə bilmir. Hər ay 100 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Vilayət qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbardar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 28 avqust 2020-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdeh Vilayət qızıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-829/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Vilayət qızının İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Hüseyn oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləği ilə 170 manat aliment tutularaq, Cavabdeh Vilayət qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 25 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 17.03.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı baş beynin xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, davranış pozuntuları psixorqanik sindrom, psixopatizasiya ilə, episindrom diaqnozu ilə ikinci dərəcəli əlil hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının azaldılmasını tələb etdiyi aliment məhkəmənin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə tutulur. Buna görə də iddiaçının tələbinin əsaslı olubolmamasını müəyyən etmək üçün 12 mart 2021-ci il tarixdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. İddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilmişdir ki, iddiaçının tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik kimi təqdim etdiyi hal, yəni onun xəstəliyi və əlilliyi 12 mart 2021-ci il tarixdən əvvəl də mövcud olmuşdur. Alimentin miqdarının dəyişdirilməsi yalnız məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklə əlaqələndirilməlidir. Heç bir halda alimentin miqdarının dəyişdirilməsi barədə ərizə ilə alimenti müəyyən edən məhkəmə qətnaməsindən gizli şikayət verilə bilməz və həmin qətnamə ilə müəyyən edilmiş hallar şübhə altına alına bilməz. İddiaçının hazırkı iddia ərizəsi məhz bu qəbildən olmaqla Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsini yeni iddia vermək yolu ilə mübahisələndirməyə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 12 mart 2021-ci il tarixdən sonra özünün və ya cavabdehin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsini nəinki sübut etməmiş, ümumiyyətlə belə bir dəyişikliyin baş verməsinə belə istinad etməmişdir. Buna görə də iddia aşkar surətdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Vilayət qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar