Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2731/2021 10.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.03.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləği ilə hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04.04.2016-cı ildə ailə qurmuşdur və 10.03.2020-ci ildə qızları X4 anadan olmuşdur. Bir müddət sonra isə ayrılmışdırlar. Hazırda Banu onun himayəsindədir. Uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdehdən hər ay sabit pul məbləği ilə 300 manat aliment tutulub ona ödənilməlidir. Cavabdeh "xxxx" ASC-nin Samux rayonu elektrik şəbəkəsində çalışır və 700 manata yaxın əmək haqqı alır. Buna görə də o, hazırkı iddia tələbiylə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək uşağın saxlanması, bağçası, dərmanları və s. üçün 700 manata yaxın pul xərclədiyini bildirmiş, həmin xərcləri təkbaşına qarşılamaq iqtidarında olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bağırov X2 ASC-nin X6 Təchizatı və Satışı İdarəsində növbətçi elektrik vəzifəsində işlədiyini, aylıq qazancının 455 manat təşkil etdiyini, başqa hər hansı gəlirinin olmadığını bildirmiş və məhkəməyə ərizə təqdim edərək hər ay 200 manat aliment ödəyə biləcəyini göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 mart 2020-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Qərb RETSİ-dən verilmiş arayışdan görünür ki, Cavabdeh X3 növbətçi elektrik vəzifəsində çalışır və aylıq əməkhaqqı 455 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, cavabdeh ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Məhkəmə cavabdehin və iddiaçının maddi vəziyyətini, eləcə də cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, uşağın əvvəlki yaşayış səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmək üçün iddia qismən təmin olunmalı, 10 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 12.07.2021-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Aliment qismində tutulan məbləğin bir illik məcmusu 500 manatdan çox olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10 mart 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qərtnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2731/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2731/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver