Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-280/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi x3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın» ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 may 2019-ci il tarixli 3180.1 nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsinə, 1 ədəd “Changan CS 15 AT” markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-PV-*** olan minik avtomaşınının Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3 ay üzrə əsas borc 1779 manat, ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 günə görə 177 manat, növbəti 60 günə görə ödəniş məbləğinin 2% miqadarında 711 manat (% - 888 manat), borclu olduğu 4816 manatın, cəmi 7483 manat pulun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib, bütün sübutların təqdim edilib-edilməməsi aydınlaşdırılarkən iddiaçının nümayəndəsi x4 məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin avtonəqliyyat vasitəsinin qaytarılması hissəsində azaldılmasını xahiş edərək, iddianın qalan hissədə təmin olunmasını xahiş etdi. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x4 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2019-cu il tarixli, 3180.1 nömrəli, alqı-satqı müqaviləsinə əsasən iddiaçı 1 ədəd “Changan CS 15 AT” markalı, 2018-ci buraxılış ili, tipi universal, rəngi ağ, dövlət qeydiyyat nişanı **-PV-*** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Müqavilənin icrasının təminatı kimi digər Cavabdeh1 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanaraq Cavabdeh1 məsuliyyəti öz üzərinə götürmüşdür. Bağlanmış müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 37769 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, ilkin ödənişsiz 35580 manat məbləğ 60 ay bərabər hissələrə bölünərək hər ay üzrə 593 manat ödənilməsinə dair tərəflər razılığa gəlmiş və son ödəniş günü 22 may 2024-cü il müəyyən edilmişdir. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 600 manat ödəniş etmişdir. O da ümumi 1 ay dövrü əhatə edir (2019-cu ilin iyun ayı). 2019 ilin iyun ayından etibarən cavabdehin iddiaçıya 39796 manat əsas borcu qalmışdır. Cavabdeh 3 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etdiyinə görə 3 ay üzrə 1779 manat əsas, birinci aya görə ödənilmədiyi hər gecikdirilən günə görə aylıq ödənişin bir faizi miqdarında 177 manat, növbəti 60 günə görə aylıq ödənilməmiş məbləğin 2 faizi miqdarında 711 manat olmaqla ümumilikdə 888 manat faiz borcu, 2627 manat kasko sığorta ödənişi, 2189 manat avans olmaqla cəmi 7483 manatı ödəməmişdir. Cavabdehlərə dəfələrlə müxtəlif vaxtlarda zənglər edilsə də, onlar ödəniş etməkdən yayınmışlar. Cavabdehlərə müqavilə şərtinə riayət etmək, aylıq ödənişləri ödəmək, yəni müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin onlar öhdəlikləri yerinə yetirməkdən imtina etmişlər. Bununla da cavabdehlər müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək müqavilə qüvvədə qalmaqla cəmiyyətə ziyan vurmaqda davam edirlər.Hazırda cavabdehdən avtomobil geri alınmışdır.İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2018-ci il tarixli, 3180.1 saylı alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC (satıcı) tərəfindən bir ədəd “Changan CS 15 AT” markalı, buraxılış ili 2018, universal tipli, ağ rəngli, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşın 37,769 manata Cavabdeh2 (alıcı) satılmış, 35580 manat məbləği 60 ay ərzində hər ay 593 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2019-cu il tarixli, 3180.1 saylı alqı-satqı müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, bir ədəd “Changan CS 15 AT” markalı, buraxılış ili 2018, universal tipli, ağ rəngli, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiyməti 37769 manat müəyyən olunmuş, avtomaşının dəyərinin 60 ay ərzində hər ay 593 manat olmaqla hissə-hissə ödənilməsi, ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində,növbəti aylar ərzində ödəniş gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 22 may 2019-cu il tarixli, 3180.1 nömrəli zaminlik müqaviləsindən görünürki, zamin - Cavabdeh1 İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2019-cu il tarixli, 3180.1 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 ilə birlikdə İddiaçı MMC qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən cavabdehlərə ünvanlanmış 26 iyul 2019-cu il tarixli pretenziya məktublarından görünür ki, cavabdehlərdən borcun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv edilməsi, avtomaşının istifadədən alınması və dəymiş zərərin cəmiyyətə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 22 may 2019-cu il tarixli, 3180.1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan bir ədəd “Changan CS 15 AT”minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 35580 manata Cavabdeh2 satmış, müqavilədə alınan avtomaşının dəyərinin 60 ay ərzində hər ay 593 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduğu üçün iddiaçı müqavilənin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş məbləğin və hesablanmış faizin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. MM-in 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında zaminliklə 22 may 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən bir ədəd “Changan CS 15 AT” markalı, buraxılış ili 2018, universal tipli, ağ rəngli, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşın 37,769 manata cavabdehə satılmış, 35580 manat məbləği 60 ay ərzində hər ay 593 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Borcun cavabdeh x1 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən əmlak, zaminə əmlakın dəyərinin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. MPM-in 217.3-cü maddəsində əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22.05.2019-cu il tarixli, 3180.1 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3 ay üzrə əsas borca görə 1779 manat, 888 manat faiz borcu, 2189 manat avans olmaqla, cəmi 4856 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in xeyrinə verilməlidir. İddia tələbinin 2627 manat kasko sığorta ödənişinin tutulmasına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqailə ləğv olunduğundan həmin məbləğin tutulması üçün hüquqi əsas yoxdur. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 22.05.2019-cu il tarixli, 3180.1 nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3 ay üzrə əsas borca görə 1779 manat, 888 manat faiz borcu və 2189 manat avans olmaqla, cəmi 4856 (dörd min səkkiz yüz əlli altı) manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-280/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-280/2020
13.01.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver