Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-31/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "uşağın atanın himayəsinə verilməsi, aliment borcunun silinməsi və aliment öhdəliklərinə xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 Samirə Fəxrəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin himayəsinə verilmiş 09 yanvar 2013-cü il təvəllüdlü X4 ona qaytarılması və uşağın faktiki himayəsində olduğu tarixdən etibarən aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2003-cü ildə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 3 övladları doğulmuşdur. Aralarında olan ciddi narazılıqlar ucbatından nikahları məhkəmə qaydasında pozulmuşdur. Sonradan cavabdehin müraciəti əsasında ondan cavabdehin xeyrinə məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş və o aliment pulunu vaxtı-vaxtmda ödəmişdir. Nikahları pozulduqdan sonra, xeyli müddətdir ki, Cavabdeh ilə barışıb birgə yaşamış, lakin sonradan yenidən ayrılmışlar. Cavabdeh ayrıldıqdan sonra bir müddət Gəncə şəhərində kirəyə tutuduğu evdə, sonra isə uşaqları götürüb Bakı şəhərində kirayə ev tutub orada yaşamışdır. Həmin müddət ərzində Cavabdeh uşaqlara qarşı yaxşı davranmadığından, onlara qayğı göstərmədiyindən o məcbur olub uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, birgə nikahdan olan Ömər və Osman adlı uşaqların Cavabdeh alınıb onun himasinə verilməsi qət edilmişdir. 21.09.2020-ci il tarixdə isə Təmiz Dünya X16 Birliyi tərəfindən tərtib edilmiş təhvil aktına əsasan Cavabdeh cinayət törətdiyinə görə Bakı İstintaq Təcridxanasmda cəza çəkdiyi üçün 09 yanvar 2013-cü il təvəllüdlü X2 və Himayəçilik Komisiyyasının rəyi əsasında ona təhvil verilmişdir. Daha sonra iddiaçı X14 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 09.01.2013-cü il təvəllüdlü X4 onun yanında saxlanılması və həmin uşağın yanında olduğu 21.09.2020-ci il tarixdən hesablanmış aliment borcunun silinməsi və həmin uşağa görə ödənilməli olan aliment öhdəliklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçı ilə birgə nikahdan doğulmuş X4 onun himayəsindən alınıb, iddiaçının himayəsinə verilməsinə razı deyildir. Belə ki, onun barəsində olan cinayət işi üzrə məhkəmə onun himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır və hökmdən verdyi apelyasiya şikayətinə əsasən cinayət işi hal-hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Ona görə də, azyaşlı İlfanın onun himayəsindən alınıb iddiaçının himayəsinə verilməsinə etiraz edir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 yanvar 2013-cü il tarixdə Göygöl rayonunda anadan olmuş X5 atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2898/2015 saylı, 27.04.2015-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1708/2013 saylı, 18.09.2013-cü il tarixli qətnaməsi ilə 19.08.2013-cü tarixdən başlayaraq, 20.05.2005-ci il təvəllüdlü X7, 10.10.2008-ci il təvəllüdlü X6 və 09.01.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin artırılması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı qətnamə qüvəyə mindiyi vaxtdan başlayaraq, hər ay hər uşağa görə 108 manat, cəmi 324 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-96/2018 saylı 30.01.2018-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 20.05.2005-ci il tarixdə doğulmuş X7 və 10.10.2008-ci il tarixdə doğulmuş X6 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-895/2020 saylı, 27.10.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Təmiz Dünya” X16 Birliyi tərəfindən verilmiş 125 nömrəli 21.09.2020-ci il tarixli Təhvil Aktından görünür ki, həmin vaxt Cavabdeh cinayət məsuliyyətinə cəlb edilib, Bakı İstintaq təcridxanasında olduğundan, onun himayəsində olan 09.01.2013-cü il təvəllüdlü X11 21.09.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayonu N.Nərimanov küçəsi, ev 28(21), mənzil 18-də qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü atası İddiaçı Binəqədi İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komisiyyasının rəyi əsasında sağ-salamat təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağı fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Tərəflərin birgə nikahından doğulmuş X11 7 yaşına çatmış olduğundan və onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan, uşaq məhkəmədə dinlənilmişdir. Məhkəmə iclasında X11 bildirmişdir ki, onun hazırda 9 yaşı var. Valideynləri ayrılıblar. Onun ondan böyük 2 qardaşı var. O və qardaşıları atasının himayəsində yaşayırlar. Atası tərəfindən ona yaxşı baxılır və o, olduğu yerdən razıdır, anasının yanına qayıtmaq istəmir. Bundan başqa, mülki iş üzrə tərəflər arasında uşağın kimin yanında qalması ilə bağlı mübahisə olduğundan, bu barədə əsaslandırılmış rəy verilməsi üçün məhkəmə mülki işin materiallarını qəyyumluq və himayəçilik komissiyasına göndərmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 12.04.2022-ci il tarixli rəyindən görünür ki, Komissiya uşağın gələcək mənafeyini nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş 09.01.2013-cü il təvəllüdlü X5 atası İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab etmişdir. Həmçinin uşaqla məsləhətçi-psixoloq tərəfindən aparılmış müşahidə və fərdi söhbətin nəticəsində tərtib edilmiş psixoloji rəydən görünür ki, İlfan adlı uşaq atasının ona göstərdiyi qayğı və sevgini duyaraq hal-hazırda yaşam tərzindən narazı deyil. İddiaçı yanında qalmaqla inkişaf edir, formalaşır və mövcud həyat tərzinə uyğunlaşır. Əqli, əməli və sosial cəhətdən tərbiyə olunur, həyatı və şəxsiyyəti inkişafı baxımından emosional olaraq, atasına daha çox bağlıdır. Odur ki, 09.01.2013-cü il təvəlüdlü X11 atası İddiaçı Aif oğlunun yanında qalması gələcək mənafeyi üçün məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan 11.04.2022-ci il tarixli Aktdan görünür ki, İddiaçı Embavud MMCdə maliyəçi işləyir. Onun yaşadığı mənzil-məişət şəraiti və yaşayış səviyyəsi uşaqların sağlam ailə mühitində yaşaması üçün tam əlverişlidir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, onların birgə nikahından Ömər, Osman və İlfan adlı 3 övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından məhkəmə tərəfindən onlar arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları cavabdehin yanında saxlanılmış və həmin uşaqların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə aliment tutuluşdur. Daha sonra iddiaçının müraciəti ilə Ömər və Osman adlı uşaqlar cavabdehin - ananın himayəsindən alınaraq iddiaçının – atanın himayəsinə verilmişdir. Uşaqlardan sadəcə İlfan adlı uşaq anasının himayəsində qalmışdır. Bundan sonra cavabdeh cinayət törətməkdə ittiham olunanaraq məhkəmənin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, müvafiq qurum tərəfindən 21.09.2020-ci il tarixdə təhvil aktı əsasında uşaq rəsmi olaraq atasına, yəni, iddiaçıya təhvil verilmiş, həmin vaxtdan bu günədək də uşaq atasının yanında yaşayır. Lakin, 21.09.2020-ci il tarixdən faktiki atasının yanında yaşayan uşaq üçün cavabdehin xeyrinə aliment borcu hesablanmaqda davam etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, iki ilə yaxındır faktiki olaraq onun yanında qalan, hər ehtiyacını qarşıladığı uşağının rəsmi olaraq onun himayəsinə verilməsini, həmin uşağın saxlanılması üçün cavabdeh qarşısında yaranmış aliment öhdəliklərinə xitam verilməsini və aliment borcunun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tələbində haqlıdır: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biri-birindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, cavabdehin azadlıqdan məhrum edilməsi ilə əlaqədar olaraq tərəflərin birgə nikahından doğulmuş 09.01.2013-cü il təvəllüdlü İlfan Süleymanovun 21.09.2020-ci il tarixdən hal-hazıradək atasının himayəsində yaşamasını, atasının həyat şəraitinin qənaətbəxş olmasını, həmçinin uşağın hüquq və mənafeyini, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəylərini, həmçinin uşağın fikrini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş X12 faktiki vəziyyətə uyğun olaraq iddiaçının (atasının) himayəsinə verilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş X11 faktiki olaraq 21.09.2020-ci il tarixdən etibarən atası - İddiaçı himayəsində yaşayır, onun bütün ehtiyacları atası tərəfindən qarşılanır. Bu müddət ərzində anası – cavabdeh X3 barəsində açılmış cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan İlfan adlı uşaq iddiaçının himayəsində olmaqla, iddiaçı tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, bir halda ki, tərəflərin birgə nikahında doğulmuş 09.01.2013-cü il təvllüdlü X11 21.09.2020-ci il tarixdən atası İddiaçı yanında qaldığından, həmin tarixdən etibardən hesablanan iddiaçının cavabdeh qarşısında yaranmış aliment borcu silinməlidir. İddia tələbində həmçinin iddiaçının həmin uşağın saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliklərinə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi hallarının dəqiq siyahısı Ailə Məcəlləsinin 113.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan aliment öhdəliklərinə xitam verilə bilər. Göründüyü kimi, Ailə Məcəlləsinin 113.2-ci maddəsində nəzədə tutulan halların heç biri hazırki işdə mövcud deyildir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki işin hallarına əsasən azyaşlı İlfan Süleymanovun atasının yanında saxlanılması qənaətinə gəlindiyindən, həmin uşağın saxlanılması üçün iddiaçı tərəfindən cavabdehə alimentin ödənilməsi öhdəliyinə xitam verilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 09.01.2013-cü il təvəllüdlü X11 atası İddiaçı yanında saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.04.2015–ci il tarixli 2(011)–2898/2015 saylı qətnaməsinə əsasən 09.01.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə ödənilməli olan aliment borcunun 21.09.2020-ci il tarixdən etibarən hesablanmış hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-31/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-31/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver