Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3176/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı qızının, etibarnamə üzrə nümayəndəsi X2 və vəkili X1, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ½ hissədə payının müəyyən edilməsi və 1/2 hissədə ipoteka öhdəliyinin onun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 saylı notariat ofisinin 20.08.2013-cü il tarixli 4Ə-510 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən birgə nikahda olduqları zaman cavabdehin adına qeydiyyata alınmaqla çıxarış verilmiş Gəncə şəhəri Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən mülkün 1/2 hissəsi üzərində onun hüququnun tanınıb 1/2 hissə üzərində ipoteka öhdəliyinin onun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Gəncə şəhəri, X13 Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evini cavabdehlə birgə nikah dövrundə 3 saylı notariat ofisinin 13.08.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışlar. Həmin bağ evi 24.08.2013-cü il tarixdə rəsmi reyestrdə cavabdehin adına qeydə alınaraq çıxarış verilmişdir. Həmçinin bağ evi 13.08.2043-cü il tarixədək "xxxx" ASC-yə ipoteka qoyularaq yüklü edildilmiş və yüklülük barədə çıxarış verilmişdir. Aldıqları evin kredit borcundan 2021-ci ilin fevral ayının 24-ə kimi birgə ödəmişlər. Evin alınmasında ilkin ödənilən məbləğin çox hissəsini atası ödəmişdir. Artıq cavabdehlə aralarında olan nikah 27 may 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuş və ayrı yaşayırlar.Uşaqlarının hər ikisi onun yanında qalmışdır. Hesab edir ki, evi ipoteka yolu ilə əldə etsələr də birgə nikah dövründə əldə etmişlər və 1/2 hissədə onun payı müəyyən olunmalı və kredit müqaviləsindən irəli gələn öhdəliyin payına münasibətdə ½ hissədə onun üzərinə qoyulmalıdır. Əlavə olaraq göstərdi ki, sözügedən bağ evini cavabdeh satmaq istəmiş və yerinə başqa torpaq sahəsi alaraq ev tikəcəyini bildirmişdir. Daha sonra cavabdehin onu aldatdığını yəni torpaq sahəsini alaraq evi tikdikdən sonra ikinci həyat yoldaşı ilə yaşadığını bildikdən sonra verdiyi razılıq ərizəsini notarial qaydada ləğv etdirmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 və vəkili X3 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, prezident təqaüdçüsüdür və 2-ci qrup əlildir. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olduğundan yəni, eyni tərəflər arasında eyni predmet üzrə qüvvədə olan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 28.08.2019-cu il tarixli, 2(043)-3023/2019 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4097/ 2019 saylı qərardadları olduğundan icraata qəbul edilməməli idi. Belə ki, iddiaçının razılığı ilə sözügedən əmlakı 14.10.2018-ci il tarixdə satmışdır. İddiaçı notarial qaydada bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Belə ki, həmin əmlakı hal-hazırda satmışdır də həmin pulla da ev tikdirmişdir. İddiaçı özü səbəbsiz olaraq ailələrini dağıtmışdır. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 cavabdehlə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilimiş: 10.11.2021-ci il tarixli, 05/70-1399 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə Hüseynova (Musazadə) Elnada Bayram qızı arasında olan nikah 16.12.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. 13.08.2013-cü il tarixli, 412 nömrəli daşınmaz əmlakın alqı-satqısı və ipoteka müqaviləsindən görünür ki, satıcı X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, Ş.Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən əmlakı Cavabdeh 43000 (qırx üç min) manata satmış, mənzilin dəyərinin 6500 manatı ipoteka qoyanın özü tərəfindən, 36500 manatı isə kreditor ipotekasaxlayan tərəfindən 13 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi, kretitin illik faiz dərəcəsi 4 faiz olmaqla son ödəmə tarixi 13 avqust 2043-cü il tarixədək müəyyənləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.08.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, X13 Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə X6 adına rəsmi reyestrdə qeydə alınmışdır. RX Seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, X13 Qurbanov adına BYB sahə 46 ünvanında yerləşən bağ evini 13.08.2013-cü ildən 13 avqust 2043-cü il tarixədək 13.08.2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ipoteka qoymuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(043)- 390/2019 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqların hər ikisi İddiaçı yanında saxlanmışlar. AZ-İ 372726 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında olan nikah 25.11.2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh 14.10.2018-ci il tarixli 8İ-1732 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, ipoteka ilə yüklü olan Gəncə şəhəri, ünvan 5 ünvanda yerləşən bağ evini Goranboy rayon sakini X8 ipoteka kreditinin qalan hissəsinin onun tərəfindən ödənilməsi şərti ilə 17000 manat məbləğində razılaşaraq satmış, pulu nəğd şəkilində tam alımış və bağ evini təhvil vermişdir. İddiaçı 14.10.2018-ci il tarixli 8İ-1733 reyestr nömrəli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh oğluna məxsus Gəncə şəhəri, ünvan 5 ünvanda yerləşən bağ evinin və torpaq sahəsinin satılmasına razılıq vermişdir. 29.11.2018-ci il tarixli «Elektron notariat» Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 14.10.2018-ci il tarixli 8İ-1733 reyestr nömrəli ərizəsini 29.11.2018-ci il tarixdə ləğv etdirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 2008-ci il tarixdə ailə qurmuşlar, birgə nikah dövründə alqı satqı və ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 5 ünvanda yerləşən bağ evini 6500 manat ilkin ödəniş etməklə Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13 avqust 2013-cü il tarixli, K/M 412 saylı kredit müqaviləsi üzrə sonuncuya verilmiş 36500 manat kredit vəsaiti hesabına ödənilmişdir. Tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları 27 may 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların hər ikisi iddiaçının yanında saxlanılmışdır. İddiaçı iddia etmişdir ki, evi ipoteka yolu ilə əldə etsələr də birgə nikah dövründə əldə etmişlər və 1/2 hissədə onun payı müəyyən olunmalı və kredit müqaviləsindən irəli gələn öhdəliyin payına münasibətdə ½ hissədə onun üzərinə qoyulmalıdır. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək mübahisələndirilən evi hələ nikahları pozulmamışdan əvvəl iddiaçının öz razılığı ilə satdıqlarını bildirərək iddia tələbini mübahisələndirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaya Məhkmsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Həmin qərarda göstərilmişdir ki, Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir; - Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi əmlak onların birgə nikah dövrundə əldə edilmiəklə hər biri bərabər paylara malikdir.Ona görə də məhkəmə hesab edir ki, həmin əmlak üzərində tərəflərin payları müəyyən edilməklə kreditor qarşısında öhdəlikləri də paylarına mütənasib olaraq bölünməlidir. MM-in 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehin kreditor qarşısında öhdəliyin ½ hissədə iddiaçıya verilməsi barədə kreditorla razılaşma olmadığından nikahlarının pozulduğu 27.05.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi iddiaçıya aid edilməklə onun tərəfindən hər ay cavabdehə ödənilməlidir. Cavabdeh tərəfin öz etirazının əsası kimi göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillərin hüquqi əsası olmadığından iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. MM-in 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. MM-in 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi cavabdeh mübahisəli evin satılaraq başqa şəxsin sahibliyinə və istifadəsinə verilməsini verdiyi etibarnamə ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13.08.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilməli, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13.08.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulduğu 27.05.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi İddiaçı aid edilməli və onun tərəfindən hər ay Cavabdeh ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 13.08.2013-cü il tarixdə 4Ə-510 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı ipoteka müqaviləsi üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Şıxəli Qurbanov adına bağçılıq yoldaşlıq birliyi sahə 46 ünvanında yerləşən bağ evindən ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 13.08.2013-cü il tarixli K/M 412 saylı kredit müqaviləsi üzrə İddiaçı ilə Cavabdeh arasında olan nikahlarının pozulduğu 27.05.2019-cu il tarixdən kredit müqaviləsinin bitdiyi dövrədək ödəniş qrafikinə əsasən hər ay ödənilməli olan borc məbləğinin ½ hissəsi İddiaçı aid edilsin və onun tərəfindən hər ay Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3176/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3176/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver