Məhkəmə qərarları › İş №2(043)-3214/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3214/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3214/2020 14.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi Cavabdeh iştirakıilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, nikahdan doğulmuş və himayəsində qalmış xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdilər. Nikahdan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlu doğulmuşdur. X4 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-515/2019 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, X4 qeydiyyat şöbəsində 883 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlu onun yanında qalması qət edilmişdir. Hazırda yetkinlik yaşına çatmayan uşaqları onun himayəsindədir. Cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. O yaxınlarının maddi dəstəyi ilə çətinliklə olsada uşaqlarını saxlayr. Ancaq uşaqların tələbatları günü gündən artır və onların təminatını tək ödəməkdə çətinlik çəkir. Onda olan məlumata görə cavabdehin maddi vəziyyəti normaldı. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən (ailə vəziyyəti ilə əlaqədar) mülki işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh heç bir yerdə işləmədiyini, gəlirinin olmadığını, uşaqlara öz valideynlərinin zəruri maddi yardımı göstərdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlunun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş X4 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(043)-515/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, X4 qeydiyyat şöbəsində 883 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlu anaları İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu nəzərə alaraq, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraqhesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləği ilə aliment tutulub İddiaçı ödənilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Cavabdehin etirazının dəlillərini məhkəmə əsassız hesab edir. Yetkinlik yaşına çatmamış uşaqları saxlamaq valideynin birbaşa vəzifəsi olduğundan əmək qabiliyyətli valideynin işləməməsi, rəsmi qazancı və gəlirinin olmaması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü Nağıyev Ömər Asim oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar