Məhkəmə qərarları › İş №2(043)-3229/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3229/2021

28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3229/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 12.12.2015-ci il təvəllüdlü X5 və 12.06.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat alimentin və X2 üç yaşına çatanadək hər ay 100 manat əlavə xərcin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 10 aprel 2015-ci ildə el adətənəsinə uyğun olaraq faktiki ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlib: 12.12.2015-ci il təvəllüdlü X5 və 12.06.2016-cı il təvəllüdlü X6. Cavabdehlə münasibətləri əvvəlcə normal olsa da, get-gedə pisləşmiş və cavabdehin, ona olan davranışlarından məcbur olub boşanmışlar. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(043)-2379/2020 saylı qətnaməsi və Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunan 21.12.2020- ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən də göründüyü kimi cavabdehlə aralarında qanuni nikah xitam olunmuşdur. Hal-hazırda son dərəcə ağır maddi durumda çətinliklə yaşayır. Uşaqların gündəlik tələbatını ödəmək iqtidarında deyil. Yaxınlarının maddi yardımı hesabına uşaqlarını birtəhər dolandırır. Cavabdeh bu günədək onlarla maraqlanmamış, uşaqların saxlanması üçün vəsait ayırmamış, hər hansı maddi köməklik göstərməmişdir. Hazırda cavabdehin hansı işdə işlədiyini dəqiq bilmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, o, sürücü işləyir və gündəlik 15-20 manat qazanc əldə edir. Maddi vəziyyəti aşağıdır, bu səbəbdən onun qeyd edilən aliment məbləğini ödəməyə maddi imkanı yol vermir. Lakin, hər uşaq üçün hər ay 100 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12.12.2015-ci il tarixdə X5 və 12.06.2019-cu il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2379/2020 saylı, 21.08.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında 10 aprel 2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 949 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 12 dekabr 2015-ci il təvəllüdlü X5 və 12 iyun 2019-cu il təvəllüdlü X6 iddiaçı X1 yanında saxlanılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikaha 22.09.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21.12.2020-ci il tarixdə 221 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Cəfərov”, qadına “Hüseynova” soyadı verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Məqsəd və İnci adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə hər ay 175 manat alimentin ödənilməsini tələb etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəmək üçün kifayət qədər qazancı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla belə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 31.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iddianın “X2 üç yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, iddiaçı cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12.12.2015-ci il təvəllüdlü X5 və 12.06.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 31.08.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar