Məhkəmə qərarları › İş №2(043)-3330/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3330/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3330/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsindən irəli gəlir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixli GNC-2251 saylı kredit müqaviləsi, və həmin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. xx xxx 2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehlərə bildiriş verilmiş və xx xxxx 2020-ci il tarixdə həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli 1439-VQD saylı Qanunla “İpoteka haqqında” Qanuna bir sıra dəyişikliklər edilmiş, o cümlədən ipoteka müqaviləsinin məzmunu, ipoteka predmetinə tutmanın yönəldilməsinin qaydaları yeni məzmunda verilmişdir. Məhz bu dəyişikliyə əsasən həmin Qanunun 38.1-ci maddəsi yeni redaksiyada verilmiş və ipoteka pöredmetinə tutmanın notariusun icra qeydi əsasında həyata keçirilməsi təsbit edilmişdir. Hazırda qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Belə mübahisə olmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notarius icra qeydi verir. Tərəflər arasındakı hüquq münasibətləri müvafiq dəyişikliyin baş verdiyi vaxtdan sonra yarandığından həmin münasibətlərə yeni qanunvericilik norması tətbiq edilməli və işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçıya izah olunur ki, “İpoteka haqqında” Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar a a l d ı: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı müvafiq notariusa müraciət etməli olduğu izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar