Məhkəmə qərarları › İş №2(043)-3447/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3447/2021

17.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3447/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçi İddiaçı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə sabit pul məbləği ilə 150 manat alimentin tutulması barədə mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin forma və məzmununa dair tələblərə riayət edilməmiş, eləcə də ərizə ərazi aidiyyəti pozulmaqla məhkəməyə verilmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mediasiya prosesində Cavabdeh ilə nikahlarından doğulmuş 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonuncunun hər ay 150 manat aliment ödəməsi barədə saziş bağlamışlar. Ərizəyə əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh mediator X3 iştirakı ilə İddiaçı himayəsində olan 04.02.2016-cı il təvəllüdlü X1 üçün hər ay 150 manat alimentin Cavabdeh tərəfindən İddiaçı hər ayın 10dan 30-dək ödənilməsi barədə razılığa gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmələr mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qeyd olunan normalardan göründüyü kimi mediasiya prosesi nəəticəsində əldə edilən barışıq sazişi hər bir halda yox, yalnız könüllü olaraq icra edilmədikdə məhkəmə tərəfindən təsdiq edilir və məcburi icraya yönəldilir. Buna görə də qanunvericilikdəbarışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yöndəldilməsi barədə ərizənin məzmunu ilə bağlı xüsusi tələb, yəni barışıq sazişinin könüllü icrası üçün müddətin keçməsinin göstərilməsi tələbi qoyulmuşdur. Ərizənin məzmununda bu müddətin keçməsi ilə bağlı hər hansı məlumat göstərilməmişdir və barışıq sazişindən də göründüyü kimi həmin müddət keçməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin ərizəçinin yaşadığı yer üzrə verilməsi nəzərdə tutulmuşdur. Ərizəçi Samux rayonu, İnstitut qəsəbəsi Rafiq Bədəlov küçəsində yaşadığından ərizəyə Samux Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar