Məhkəmə qərarları › İş №2(043)-364/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-364/2020

09.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-364/2020 09.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x7 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərə cəlb etmə tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan - 30.07.2009-cu il tarixdə anadan olmuş x3 və 04.12.2010-cu il tarixdə anadan olmuş x1 üçün onların yetkinlik yaşına çatana qədər hər uşaq üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi və 30.07.2009-cu il tarixdə anadan olmuş autizm xəstəsi olan x3 müalicəsi üçün hər ay əlavə 100 manat məbləğində xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əslən Kəlbəcər rayonundan olan Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olmadan öz razılığı ilə evlənmişlər. Evləndikdən sonra Cavabdeh ilə bir müddət Gəncə şəhərində kirayədə yaşamışlar. Faktiki birgə yaşadıqları dövrdə 30.07.2009-cu il tarixdə qızları x8 və 04.12.2010-cu il tarixdə oğlulları x2 şəhərində anadan olmuşdur. Nikahları olmadığından 30.07.2009-cu il tarixdə doğulmuş qızları x4 Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kəlbəcər rayon qeydiyyat şöbəsində atalıq verilmiş və atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 2011-ci ilin iyun ayının 03-də, 30 №-li qeydi ilə, Kəlbəcər rayon qeydiyyat şöbəsinin 03.06.2011-ci il tarixli AZ-İ N° 052834 nömrəli atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə və Kəlbəcər rayon qeydiyyat şöbəsinin 2011-ci ilin iyun ayının 03-də 238 №-li qeydi ilə AZ-U № 595268 nömrəli Doğum haqqında Şəhadətnamə verilmişdir. Bundan başqa nikahları olmadığından ikinci uşağları-04.12.2010-cu il tarixdə anadan olmuş x9 Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kəlbəcər rayon qeydiyyat şöbəsində atalıq verilmiş və 30.07.2009-cu il tarixdə doğulmuş x9 atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında 2011-ci ilin iyun ayının 03-də 31 №-li qeydi ilə, Kəlbəcər rayon qeydiyyat şöbəsinin 03.06.2011-ci il tarixli AZ-1 № 052835 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə və Kəlbəcər rayon qeydiyyat şöbəsinin 2011-ci ilin iyun ayının 03-də 239 №-li qeydi ilə AZ-U № 595269 nömrəli Doğum haqqında Şəhadətnamə verilmişdi. Əri ilə birlikdə 10 il ailəli olmuşdur. Lakin, Cavabdeh 2012-ci ilin iyulunda həbs olmuşdur və 7 il 6 ay azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin dekabr ayında Prezident tərəfindən əfv olunaraq azadlığa buraxılıb. Cavabdeh həbsdən sonra uşaqlarına baxmışdır. Lakin, 2018-ci ilin aprel ayında aralarında ailə münasibətləri pozulub və cavabdeh onu və 2 azyaşlı uşaqlarla birlikdə atıb getmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Ona görə ki, 30.07.2009-cu il tarixdə anadan olmuş qızları x8 anadan doğulandan uşaq autizmi Kanner sindromu F-84.0 xəstəliyi ilə doğulmuşdur. Uşaq doğulduğu vaxtdan bu günə kimi müalicə olunur və müalicəyə və dərmana çəkilən xərclərini özü çəkmiş və bü gün də onun müalicəsi davam etdirilir. Sonuncu dəfə 30.07.2009-cu il tarixdə anadan olmuş qızları x4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 22.08.2019-cu il tarixdə müayinə edilib və ona uşaq Autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulubdur. Artıq, onlar faktiki olaraq ər-arvad kimi 2018-ci ilin aprel ayından yaşamır, birgə təsərrüfat aparmırlar. Həmin vaxtdan bəri o, bir dəfə də olsun uşaqları ilə maraqlanmayıb, onların heç bir ehtiyaclarını ödəməyib. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. O, uşaqlarının maddi tələbatlarını ödəyə bilmədiyi üçün cavabdehdən aliment tələb etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edildiyi kimi, onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində uşaqlar iddiaçının himayəsində qalıb, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. O, bir ata kimi yetkinlik yaşına çatmayan uşağının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilmir. Hal-hazırda onların bütün maddi xərclərini özü çəkir. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, heç bir yerdə işləmir, iddianı qismən qəbul edir və hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində aliment ödəyə bilər. İşə məhkəmədə baxılarkən Cavabdeh hazırda nikahda olduğu arvadı x11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh üçüncü şəxs x6 məhkəmə iclasında iştirak edəbilməyəcəyini bildirib, onun iştirakı olmadan işə baxılmasını xahiş etdi. Məhkəmə üçüncü şəxs x6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 03.06.2011-ci il tarixli AZ-İ 052834 nömrəli və AZ-İ 052835 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh müvafiq olaraq 30 iyul 2009-cu il tarixdə və 04 dekabr 2010-cu il tarixdə İddiaçı doğulmuş x3 və x5 atasıdır. İşə əlavə edilmiş AZ-İİ 595268 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, x8 30.07.2009-cu il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşə əlavə edilmiş AZ-İİ 595269 nömrəli doğum haqda şəhadətnamənin surətindən görünür ki, x10 04.12.2010-cu il tarixdə dünyaya gəlmiş, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşə əlavə edilmiş x17 Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, x8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 22.08.2019-cu il tarixdə müayinə edilib və ona uşaq Autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulubdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların birgə ailə münasibətlərində iki uşaqları doğulmuşdur, həmin uşaqlardan x8 uşaq Autizmi xəstəliyindən əziyyət çəkir. Tərəflər 2018-ci ildən ayrılmış, həmin vaxtdan uşaqlar anaları ilə birlikdə yaşayır, cavabdeh uşaqların saxlanılmasında iddiaçıya köməklik göstərmədiyindən, iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iş üzrə tərəflər daimi olaraq heç bir yerdə işləmirlər, işə baxılarkən iddiaçı cavabdehin daimi yüksək qazanc əldə etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh ilə x11 ilə rəsmi nikahlarından üç uşaqları doğulmuş və həmin uşaqlardan biri yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu, iddiaçının tələb etdiyi aliment məbləğini, Cavabdeh daimi qazancının olmasını təsdiq edən sübutun təqdim edilməməsini və onun başqa evliliyindən himayəsində bir azyaşlı uşağının olmasını, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, 30.07.2009-cu il təvəllüdlü x3 və 04.12.2010-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin iddianın uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulması tələbi ilə bağlı hissəsi üzrə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahından doğulmuş 30.07.2009-cu il tarixdə anadan olmuş x3 uşaq Autizmi, Kanner sindromu F84.0 diaqnozu xəstəliyi ilə əlaqədar vaxtaşırı müalicə alması və xüsusi qayğıya ehtiyacı olması nəticəsində iddiaçının əlavə xərclərə məruz qalması müəyyən edilmişdir. Buna görə də cavabdeh müalicə xərcinin ödənilməsinə cəlb olunmalı, 30.07.2009-cu il tarixdə anadan olmuş uşaq Autizmi, Kanner sindromu F84.0 diaqnozu xəstəsi olan x3 müalicəsi üçün hər ay əlavə xərc qismində 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aliment qismində tutulan illik məbləğ 500 manatdan çox olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 13 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2.-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30.07.2009-cu il təvəllüdlü x3 və 04.12.2010-cu il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh30.07.2009-cu il tarixdə anadan olmuş uşaq Autizmi, Kanner sindromu F84.0 diaqnozu xəstəsi olan x3 müalicəsi üçün hər ay əlavə xərc qismində 50 (əlli) manat məbləğində pul tutulub, İddiaçı verilsin. Aliment 02 dekabr 2019-cu il tarixdən tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x18 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar