Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-367/2022 09.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 3 nömrəli tam orta məktəbinə qarşı “əmək haqqının tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 3 nömrəli tam orta məktəbnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun 14.06.2017-ci il tarixdən 21.08.2019-cu il tarixədək məcburi iş buraxmağa görə aylıq əmək haqqı 553,33 manat olmaqla 26 ay müddətində, cəmi 14378 manat pulun və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru, cavabdeh X2 14.06.2017-ci il tarixli, 28/3 saylı əmri ilə bağlanmış müddətsiz əmək müqaviləsini pozmuşdur. 2014-2017-ci illərdə həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(043)- 2407/2019 saylı qətnaməsi ilə cavabdehin əmri ləğv edilmiş və əvvəlki işinə bərpa olunmuşdur. Məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 2-ci abzasında cavabdeh Səfərova onun əvvəlki iş yerinə bərpa olunma və 14.06.2017-ci il tarixli, 28/3 saylı əmrin ləğv edilməsi tələbini qəbul etmiş və bununla razı olduğunu bildirmişdir. 21.08.2019-cu il tarixli 45/1 saylı əmrə əsasən cavabdehlə aralarında yenidən əmək müqaviləsi bağlanmış və yenidən həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə müddətsiz müddətə təyin olunmuşdur. Əməyin ödənilməsi forması işəmuzd olaraq onun aylıq əmək haqqı 553,33 manat məbləğində olmuşdur. İşdə yenə həmin tərəflərdir. Əvvəlki məhkəmə icraatında onun tələbləri yalnız 14.06.2017-ci il tarixli, 28/3 saylı əmrin ləğv edilməsi və əvvəlki işimə bərpa edilməsi barədə olmuşdur. Onun məcburi iş buraxma müddəti 14.06.2017-ci ildən, yəni işdən azad olunma əmrin tarixindən, 21.08.2019-cu ilədək, işə bərpa olunması barədə olan əmrin tarixinədəkdir ki, bu isə 26 ay 7 gün təşkil edir. Bağlanmış əmək müqaviləsində göstərildiyi kimi onun aylıq əmək haqqı 553.33 manat təşkil etmiş və 26 ay müddətində isə cəmi 14358 manat məbləğində əmək haqqından məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin direktoru X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı bundan əvvəl “əmrin ləğv olunması və işə bərpa olunma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2407/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, həmin vaxtdan etibarən də İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmış və o, hal-hazırda Gəncə şəhər 3 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi işləyir. İddiaçı məktəbə qarşı nə yuxarıda qeyd etdiyi məhkəmə prosesləri gedişində, nə də ondan sonrakı dövr ərzində məcburi iş buraxmağa görə əmək haqqı tələbi olmamışdır. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu 2017-ci ildə bilmiş, işə bərpa tələbi ilə bağlı 2019-cu ildə məhkəməyə müraciət etmiş, onun etirafı sayəsində 2019-cu ildə işə bərpa olunmuşdur. Lakin, həmin tarixdən də etibarən üzərindən 3 ilə yaxın müddət keçdikdən sonra məcburi iş buraxmağa görə 14.06.2017-ci il tarixdən 21.08.2019-cu il tarixədək olan dövr üçün əmək haqqının tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-2407/2019 saylı 16.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, Mürsəlova Mehparə Oruc qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Vüsalə Səfərovanın 14 iyun 2017-ci il tarixli 28/3 saylı əmrinin ləğv edilməsi və Mehparə Mürsəlovanın əvvəlki iş yerinə (yəni ibtidai sinif müəlliməsi) bərpa edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən məktəbin direktoru X2 ilə işçi İddiaçı arasında 21.08.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 553,33 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 22.02.2022-ci il tarixli MH-85 saylı arayışdan görünür ki, İddiaçı 14.06.2017-ci il tarixdən 21.08.2019-cu ilədək məcburi işi buraxdığı dövrdə dərs yükünə əsasən hesablanacaq əmək haqqı məbləği cəmi 9972,40 manat (2017-ci il üçün-2269 manat; 2018-ci il üçün-4661,68 manat; 2019-cu il üçün-3040 manat) təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Gəncə şəhər 3 nömrəli tam orta məktəbinin direktorunun 14.06.2017-ci il tarixli 28/3 saylı əmrinə əsasən məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinə əsasən həmin əmrin ləğv edilərək, İddiaçı əvvəlki iş yerinə bərpa edilməsi qət edilmişdir. Bundan sonra tərəflər arasında 21.08.2019-cu il tarixdə yeni əmək müqaviləsi bağlanmış və İddiaçı əmək fəaliyyətinə yenidən başlamışdır. Hüququnun pozulduğunu bildiyi halda o, nə mülki işə baxılan zaman, nə də ondan sonrakı qanunla müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məcburi işi buraxdığı dövr üçün əmək haqqını tələb etməmişdir. İşə bərpa olunduğu vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ən geci işə bərpa olunduğu 21.08.2019-cu il tarixdə hüququnun pozulduğunu bilirdi və həmin vaxtdan etibarən bir il ərzində pozulmuş hüququnun bərpa olunması, yəni məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsini tələb etməli idi. Odur ki, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik iddia müddətini ötürməsini və cavabdehin nümayəndəsinin Mülki Məcəllənin 375.2-ci maddəsinə isnad edərək iddia müddətinin ötürülməsinə dair ərizə təqdim etməsini nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 3 nömrəli tam orta məktəbinə qarşı “əmək haqqının tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-367/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-367/2022
09.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver