Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3801/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh gəlirlərindən (qazancından) birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat (yüz yetmiş manat) iki uşağa 340 (üç yüz qırx manat) sabit pul məbləğində onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha xx.xx.2012-ci il tarixdə daxil olaraq ailə qurmuşdur. Nikahları Kəpəz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahımızdan iki övladları 28. 05.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə onun arasında əvvəllərdə ayrılmalar olmuşdur. Lakin o övladlarının xatirinə cavabdehlə hər dəfə barışmalı olmuşdur ki, ailəsi dağılmasın. Cavabdeh bütün bunlara baxmayaraq öz ailəsini düşünmür, çünki bir ailəli qadına qoşulub qazancını həmin qadına xərcləyir. Xahiş edir ki, nəzərə alınsın. Çünki cavabdeh bilə-bilə ki, oğulları İlkinin səhhətində problemi var. Buna baxmayaraq iki övladını bu ata heç düşünmür. Hazırda cavabdeh Bakı şəhərində Mercedes Benz markalı maşınla nəqliyyatı ilə sərnişin daşımaqla qazancı yaxşıdır günə 50 manat olur bu ayda 1500 (bir min beş yüz) manat məbləğ edir. Lakin cavabdeh bir manatda olsun övladlarına pul xərcləmir. Bu uşaqlar nə yedi nə içdi cavabdeh heç düşünmür. Cavabdeh başqa qadına pul xəcləyir. Əlavə məlum edir ki, oğulları İlkin ildə iki dəfə müalicəyə ayrılmalı, lakin maddi çətinliyi var, uşağı müalicə etdirə bilmir. Azyaşlı övladları onun himayəsində yaşayır. Cavabdeh ayrıldıqdan sonra ona və onun himayəsində olan azyaşlı övladlarlarına heç bir maddi köməklik göstərmir, öz üzərinə düşən valideynlik borcunu yerinə yetirmir və bu məsuliyyətindən yayınır və ona deyir ki, “mən sizə baxmıram”. Bu nə cür olur ki, başqa ərli qadına cavabdehin pulu var. Lakin öz doğma övladlarına bir manatda xərcləmir. Cavabdeh deyir ki “get sənə atan baxsın”, uşaqların maddi tələbatlarına heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh uşaqların saxlanılmasında maddi cəhətdən ən azı şərik olmalıdır və aliment ödəməlidir. Cavabdehin maddi vəziyyəti hazırda yaxşıdır və ona məlumdur ki, cavabdeh gündə 50 AZN gəliri yaxşıdır və ayda 1500 gəliri olur. O hazırda heç yerdə işləmir və əmək fəaliyyəti ilə məşğul olmur. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, hazırda qaynanası ilə birlikdə yaşadığını, cavabdehlə aralarında olan nikahın pozulmadığını, cavabdehin hazırda Bakı şəhərində başqa bir qadınla birlikdə yaşadığını və pullarını ona xərclədiyini, taksi fəaliyyəti ilə məşğul olaraq qazancının yaxşı olduğunu və uşaqlarının saxlanılması üçün ailəsinə maddi köməklik göstərməməsini, ailəsi ilə maraqlanmamasını, iki uşağın saxlanılmasında kətinlik kəçdiyini bildirib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məxsus ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanmış, cavabdeh iddia tələbinə dair heç bir etirazının olmadığını, 150 manat həcmində aliment təyin edilməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir və bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 734954 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 2012-ci il tarixində Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 228 nömrə ilə qeyd aparılmış, arvad Muradova soyadını götürmüşdür. İşə əlavə edilmiş AZ-İİİ seriyalı, 888429 nömrəli doğum haqqına şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxx 2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İİİ seriyalı, 542602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxxxxx 2015-ci ildə X6 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən xx xxxxxx 2015-ci ildə X6 və xx xxx 2012-ci il təvəllüdlü X8 oğlu adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamış, lakin uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzindən birgə nikahdan olan uşaqlar analarının yanındadır. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş iki uşağın atalarından ayarı olaraq anaları ilə birlikdə yaşamasını və uşaqların saxlanılması üçün cavabdeh olan ata tərəfindən maddi köməklik göstərilməməsi, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx xxxxxx 2015-ci ildə X6 və xx xxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci ildə X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3801/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3801/2020
27.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver