Məhkəmə qərarları › İş №2(043)-3955/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3955/2021

20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3955/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 02.11.2019-cu ildə anadan olmuş Cavabdeh Əziz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 50 manat alimentin onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2017-ci ilin axırlarında faktiki ailə qurub kirayədə ər-arvad münasibətində yaşamışlar. Həmin faktiki nikahdan 02.11.2019-cu ildə Cavabdeh Əziz oğlu anadan olmuşdur. Hal-hazırda aralarına olan ailə münasibətləri pozulmuşdur. Cavabdeh uşağın saxlanımasında köməklik göstərmir. Uşağın inkişaf etaplarının geridə qalması (yarımçıq doğulduğu üçün) diaqnozu ilə müalicə olunur, uşağın mütəmadi müalicəyə və kalorili yeməyə ehtiyacı vardır. Maddi durumu çox ağırdır, uşaq xəstə olub xüsusi baxıma ehtiyacı olduğundan işləyə bilmir. Cavabdeh isə uşağın saxlanmasında ona heç bir maddi yardım göstərmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdehlə birgə ailə münasibətlərindən 02.11.2019-cu ildə Əziz adlı uşaqları anadan olmuşdur. Bir ata kimi uşağın saxlanmasında iştirak etməsini dərk edir və buna hazırdır.175 manat aliment ödəməyə razı olduğunu, ancaq uşağın 3 yaşınadək saxlanması üçün əlavə 50 manat ödəməyə imkanı olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 368717 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin 02.11.2019-cu il tarixdə Əziz adlı uşaqları anadan olmuşdur. AZ-İ 383992 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 02.11.2019-cu ildə İddiaçı Sücəddin qızından doğulmuş X4 atası hesab edilmişdir. 04.11.2021-ci il tarixli, MŞİH-06244 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 04.11.2021-ci il tarixə saat 15:00- 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşadıqları müddətdə 02.11.2019-cu ildə anadan olmuş azyaşlı Əzizin yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 3 yaşınadək uşağa qulluq edilməsinə görə hər ay 50 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən birbirinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflərin birgə yaşadıqları müddətdə 02.11.2019-cu ildə anadan olmuş azyaşlı uşaqları Əziz körpə olmaqla 3 yaşına çatmamışdır və azyaşlı Əzizə iddiaçı tərəfindən qulluq etməsi onun işləməsini mümkünsüz etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunaraq 02.11.2019-cu ildə anadan olmuş azyaşlı Əzizə 3 yaşınadək qulluq edilməsinə görə hər ay 50 manat aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 02.11.2019-cu ildə anadan olmuş Cavabdeh Əziz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 11 noyabr 2021-ci ildən başlayaraq Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat və uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Sədrəddin qızının xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 47,0 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 02.11.2019-cu ildə anadan olmuş Cavabdeh Əziz oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 11.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və uşağın üç yaşı tamam olana kimi hər ay 50 (əlli) manat alınaraq İddiaçı xeyrinə ödənilsin . Cavabdeh dövlət rüsumu hesabına 47,0 (qırx yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar