Məhkəmə qərarları › İş №2(043)-47/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-47/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-47/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və cavabdeh ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştiraları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı «kredit və ipoteka müqavilələrinin qüvvədən düşmüş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan “X9” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 012-1 saylı kredit, ipoteka müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi və ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksinin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, Ləğv prosesində olan “X9” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 012-1 saylı kredit, ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksinin ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirildiyi kimi baxmışdır. Məhkəmə icasında İddiaçı etibarnamə üzrə nüayəndəsi X5 iddianı müdafiə edərək göstərdi ki, iddiaçı ilə ləğv prosesində olan “X9” ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 012-1 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan “X9” ASC-dən 36 ay müddətinə 192000 manat kredit götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq xx xxx 2015-ci il tarixli 012-1 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksini banka girov qoymuşdur. İddiaçı 2015-ci ilin dekabr ayında kredit müqaviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirməklə kredit borcunu ödəmişdir və hazırda banka hər hansı bir borcu qalmamışdır. Hətta bu barədə ləğv prosesində olan “X9” ASC tərəfindən iddiaçıya xx xxxxxx 2015-ci il tarixli 1658 № li məktub da verilmişdir. İddiaçı sözügedən kredit, ipoteka müqavilələri üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq yerinə yetirmiş və banka heç bir borcu qalmamışdır. Eyni zamanda müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirməyinə baxmayaraq, bu günə kimi notariat ofisi tərəfindən də əmlakın girovdan azad edilməsi üçün heç bir tədbir görülməmişdir. Bundan başqa, ipoteka müqaviləsi ilə eyni vaxtda girov müqaviləsi də bağlanmışdır ki, həmin girov müqaviləsinə əsasən iddiaçının özünə və ailəsinə məxsus külli miqdarda qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Sonradan həmin qızıl-zinət əşyaları bank tərəfindən qanunsuz olaraq mənimsənilmişdir.Hesab edirlər ki, iddiaçı bank qarşısında götürdüyü öhdəliyi tam icra etdiyi üçün ipoteka müqaviləsinə xitam verilməli, ipoteka predmeti olan əmlak kompleksi ipotekadan azad olunmalıdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçı banka olan borcunu ödəmədiyi üçün məhkəmədə iddia qaldırmışlar Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbləri qismən təmin olunmuşdur. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verildiyi üçün mülki iş apelyasiya məhkəməsinin icraatındadır. İddiaçının bankın adından təqdim etdiyi sənəd saxta olmaqla bank tərəfindən belə bir sənəd verilməmişdir. İddia tələbinin əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdeh Gəncə şəhəri 3 saylı notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş : xx xxx 2015-ci il tarixli, 012-1 saylı kredit müqaviləsinin əslindən görünür ki, iddiaçı ləğv prosesində olan “X9” ASC-dən 36 ay müddətinə 192000 manat kredit götürmüşdür. xx xxx 2015-ci il tarixli 012-İ saylı ipoteka müqaviləsinin əslindən görünür ki, iddiaçı İddiaçı xx xxx 2015-ci il tarixli, 012-1 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan “X9” ASC-dən götürdüyü kredit borcunun təminatı olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksini banka ipotekaya qoymuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-25/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ləğv prosesində olan “X9” ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin olunmuşdur. “X9” ASC-nin Gəncə filialı adından DƏDRX-in Gəncə ərazi idarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 1658 nömrəli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı tərəfindən 012-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunduğu və bankın «Gəncə» filialı tərəfindən xx.xx.2015-ci il tarixdə 012-1 saylı kredit, ipoteka müqaviləsinə xitam verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/879 nömrəli rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 1658 nömrəli məktubda “H.S.Səməndəri” yazıları önündəki imza-X4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları araşdıraraq tədqiq olunmuş subutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə əğv prosesində olan “X9” ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 012-1 saylı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan “X9” ASC-dən 36 ay müddətinə 192000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq xx xxx 2015-ci il tarixli 012-1 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksini banka ipoteka qoymuşdur. İddiaçı iddia edir ki, 2015-ci ilin dekabr ayında kredit müqaviləsi üzrə öhdəliklərini tam olaraq yerinə yetirməklə kredit borcunu ödəmişdir və hazırda banka hər hansı bir borcu qalmamışdır. Hətta bu barədə ləğv prosesində olan “X9” ASC tərəfindən ona xx xxxxxx 2015-ci il tarixli 1658 № li məktub da verilmişdir. Hesab edir ki, borcunu tam olaraq ödədiyi üçün xx.xx.2015-ci il tarixli, 012-1 saylı kredit və ipoteka müqavilələrinə xitam verilməli və ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksi ipotekadan azad edilməlidir. Cavbdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək iddiaçı tərəfindən mülavilə üzrə öhdəliyin yerinə yetirilmədiyini, onlar tərəfindən belə bir məktubun verilmədiyini və həmin məktubun saxta olduğunu göstərərək iddia tələbini mübahisələndirmişlər. Öhdəliklərə xitam verilməsinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. MM-in 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. MM-in 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. MM-in 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. MM-in 269.6-cı maddəsinə əsasən əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət üququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi öhdəliyə xitam verilməsinin əsasları qanunvericilikdə sadalanmışdır ki, onlardan biri də öhdəliyin kreditorun xeyrinə icrası nəticəsində xitam verilməsidir. Lakin iddiaçı öhdəliyi tam olaraq icra etdiyini göstərərək öhdəliyə xitam verilməsini tələb etsə də öz tələbinin əsası kimi təqdim etdiyi məktubun mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1 - ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı xx xxx 2015-ci il tarixli, 012-1 nömrəli kredit və ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanında yerləşən əmlak kompleksinin ipotekadan azad olunması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunmasın. İddiaçı cavabdehlər ləğv prosesində olan “X9” ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Gəncə şəhəri 3 saylı notariat ofisinə qarşı xx xxx 2015-ci il tarixli, 012-1 nömrəli kredit və ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Mübariz İbrahimov küçəsi, 20 saylı ünvanda yerləşən əmlak kompleksinin ipotekadan azad olunması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsümü İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar