Məhkəmə qərarları › İş №2(043)-524/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-524/2022

24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-524/2022 24.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.09.2006-cı il təvəllüdlü X1 və 01.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuş, birgə nikahdan 16.09.2006-cı il tarixdə Abbasova Bənövşə Ramil qızı və 01.02.2013-cü il tarixdə X8 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da aralarında münasibətlər pozulmuş və nəticədə 2015-ci ildə nikahları pozulmuşdur. Ötən müddət ərzində cavabdeh bir dəfə də olsun uşaqlarla maraqlanmamış, onların maddi təminatlarının ödənilməsi üçün heç bir köməklik göstərməmişdir. Ona görə də, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, mübahisə ilə bağlı Mediasiya Şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı arayış verilmiş, o, 50 manat məbləğində mediasiya xərcini tam şəkildə ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bununla yanaşı, Cavabdeh iddia ərizəsinə etiraz edərək məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı iddia etmişdir ki, 2015-ci ildə nikahları pozulduqdan bu günə qədər övladları-16.09.2006-cı il təvəllüdlü X4 və 01.02.2013-cü il təvəllüdlü X6 ilə bir dəfə də olsun nə maraqlanmış nə də maddi təminatının ödənilməsi üçün heç bir köməklik göstərmişdir. O, uzaqda olduğu üçün işi ilə əlaqədar sessiyada iştirak etməmiş, ancaq telefon vasitəsilə mediatorun və vəkilin verdiyi sualları cavablandırmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiklərinin heç bir əsası yoxdur. O, hər zaman uşaqları ilə maraqlanmış, ona qanunla icazə verilən saat ərzində hətta günlərlə bir yerdə qalmış, istirahət etmiş, əyləncə mərkəzlərində, kinoteatrlarda və alış-veriş mərkəzlərində olmuşlar. O, qanunla müəyyən edilmiş 103 manat alimenti vaxtı-vaxtında ödəmişdir. O, iddiaçının iddia etdiyi və artırmaq istədiyi 400 manat məbləğində alimenti ödəmək iqtidarında deyil, çünki işlədiyi müəssisədən yəni, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Yer quruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətində (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan reyster Xidməti “Kadastr Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətində) mühəndis vəzifəsində çalışır və vergi tutulmaları çıxıldıqdan sonra nağd aldığı aylıq əmək haqqı 570 manat təşkil edir. Onun başqa yerdən əlavə gəliri və qazancı yoxdur. O, 9 saatlıq iş rejimində çalışdığı üçün əlavə yerdə işləyib qazanc və gəlir əldə etməyi mümkün deyildir. İş yeri Bakı şəhərində olduğu üçün kirayədə yaşayır. Aylıq kirayə haqqı isə 200 manatdır. Əmlak Məsələləri Dövlət Komitəsi ləğv olunub İqtisadiyyat Nazirliyinin tabeliyyində verildiyi üçün və bu təşkilatın strukturu, nizamnaməsi hələ də təsdiq olunmadığına görə bütün işçilər bir ay - bir ay əmək müqaviləsi artırılmaqla işləyirlər. Bundan başqa iş ştatlarının ixtisar olacaqı da qaçılmazdır. Aldığı maaşla kirayəni, aliment və bir də zəruri ehtiyaclarını ödəyə bilməz. O, 2 uşaq üçün 250 manata qədər aliment təyin edilməsi üçün hec bir narazılığı yoxdur. Əgər gələcəkdə maddi durumu və gəlirləri normal olarsa uşaqlarının yaxşı yaşaması təhsil alıb həyatda normal addımlaması üçün əlindən gələni etməyə hazırdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 16 sentyabr 2006-ı il təvəllüdlü X4 və 01 fevral 2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 noyabr 2014-cü il tarixli, 2(043)-3912/2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 16.09.2006-cı il təvəllüdlü X4 və 01.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbəğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan reyster Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, Cavabdeh həmin MMC-nin 7-ci dərəcəli mühəndisi vəzifəsində çalışır və aylıq əmək haqqı 682 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediator tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci il üçün yaşayış minumumu 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə alimentin tutulmağa başlandığı 2014-cü ildən bəri ötən səkkiz il müddət ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, qeyd olunanlar iddiaçının maddi vəziyyətində dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, yaşayış minimumu istehlak səbəti əsasında müəyyən edilir və zəruri ərzaq və xidmətlərin qiymətinə görə müəyyən edilir. Bu baxımdan yaşayış minimumunun artması ərzaq və xidmətlərin qiymətinin artması ilə birbaşa bağlıdır. Yaşayış minimumu artdığı halda alimentin miqdarının dəyişməməsi uşağın əvvəlki yaşayış səviyyəsinin təmin olunmamasına gətirib çıxarır. Alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi 200 manat miqdarında müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması, əmlak vəziyyətinin dəyişməsi və s.) müəyyən edilmədiyindən cavabdehin hazırkı maddi və ailə vəziyyəti və uşağın maddi təminatının əvvəlki səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmaqla iddia qismən təmin olunmalı, 16.09.2006-cı il təvəllüdlü X1 və 01.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddiası ilə iddiaçı cavabdehdən tutulan alimentin məbləğinin hər uşaq üçün 97 manat olmaqla ümumilikdə 194 manat artırılmasını tələb edir. Artırılan məbləğin bir illik məcmusu ilə hazırkı iddianın qiyməti 2328 manatdır (194x12). İddia qismən təmin edildiyindən (hər uşaq üçün aliment məbləği 47 manat artırılır) ödənilməli olan 43,28 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (48 faiz) mütənasib olaraq 20,80 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməsə də ərizəsindən və ona əlavə etdiyi arayışdan göründüyü kimi cavabdeh Bakı şəhərində işlədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edə bilməmişdir. Məhkəmə həmin səbəbi üzrlü hesab edərək belə qənaətə gəlir ki mediasiya xərcləri tərəflər arasında bərabər bölünməli, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun 25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.09.2006-cı il təvəllüdlü X1 və 01.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləği ilə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 25 (iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20,80 manat (iyirmi manat, 80 qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar