Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-532/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair (maraqlı şəxs – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 09 oktyabr 1958-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonu Pantuani kəndində anadan olmuşdur. 1976-cı ilin dekabr ayında Azərbaycan vətəndaşı İman Süleymanovla ailə quraraq, Azərbaycana Gəncə şəhərinə köçmüş və burada 5 uşağı anadan olmuşdur. Uşaqlarının hamısı Azərbaycan vətəndaşı olmaqla Azərbaycanda yaşayırlar. O, 03.12.1993-cü ildə Daşkəsən rayonunun Bayan kəndinə ev alaraq ora qeydiyyata düşmüş və orada həyat yoldaşı ilə işləmişlər. Orada özəlləşmə payı da almış və onlara 1 hektar pay torpağı da verilmişdir. 1994-cü ildə Gəncə şəhərinə köçmüş və onun adına Gəncə şəhərində Kəpəz rayonu Atatürk prospekti 74 saylı binanın 2 saylı mənzili alınmışdır. Hal hazıra kimi də həmin evdə ailəsi ilə yaşayır. Sovet pasportları dəyişəndə o da pasportunu dəyişmək üçün müraciət etmiş, lakin ona demişlər ki, sənədi itib, tapılmır. Miqrasiya və s. orqanlara dəfəfərlə müraciət etsə də faydası olmamış və ona Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən məhkəməyə müraciət etməti tövsiyyə olunmuşdur. O, 1976-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyil. Bu faktı başqa yolla təsdiq etdirə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 aprel 1979-cu il tarixdə verilmiş Vİİ-ТИ № 503586 nömrəli SSRİ vətəndaşlığı barədə pasportdan görünür ki, Ərizəçi 09 oktyabr 1958-ci il tarixdə Gürcüstan CCR-nin Dmanisi rayonu Pantuanı kəndində doğulmuşdur. Onun milliyəti azərbaycanlı kimi qeyd edilmişdir. İş materiallarında olan V- ТИ № 347592 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1951-ci il təvəllüdlü X6 ilə 1958-ci il təvəllüdlü X2 nikahı 20.02.1978-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayon Qeydiyyat şöbəsində 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan tərcümeyi hal, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahından 1979-cu ildə X3, 1981-ci ildə X8, 1984-cü ildə X7, 1986-cı ildə X9 və 1998-ci ildə X4 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 07.01.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi “Azərbaycan Respublikasının vəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Odur ki, 1993-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 28.06.2011-ci il tarixli məktubdan, 24.06.2013-cü il tarixli arayışdan görünür ki, 09.10.1958-ci il təvəllüdlü Gürcüstanda anadan olmuş Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “Gəncə Şərab-1” ATSC Həmkarlar İttifaqı Komitəsinin və idarə heyətinin 12 saylı protokolundan çıxarışdan görünür ki, “Gəncə Şərab-1” ATSC balansında olan Atatürk prospekti 74 saylı binanın 2 saylı evinin xüsusiləşdirilməsi məsələsinə baxılmışdır. Həmin mənzildə yaşayan Ərizəçi 1 yaşayış otağı 35,8 kv.m ibarətdir. Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 06.12.2007ci il tarixli 69 nömrəli arayışdan və “Gəncə Şərab-1” ATSC tərəfindən verilmiş 12.12.2007-ci il tarixli 63 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri Atatürk prospekti 74 saylı binanın 2 saylı mənzili Ərizəçi xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 16.03.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 19.10.1958-ci il təvəllüdlü Ərizəçi dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşuluğunda – ünvan 1 ünvanında yaşayır. O, orada yaşadığı vaxtdan 30 ildir ki, ərizəçinin daimi olaraq onun qonşuluğunda yaşadığının şahididir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır. O, həmin mənzilə 2006-cı ildə köçmüşdür. Həmin vaxtdan da bu günə kimi ərizəçinin daimi olaraq həmin binanın 2 saylı mənzilində yaşadığını görmüşdür. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 09.10.1958-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, onun şəxsiyyətini təsdiq edən yeganə sənəd SSRİ vətəndaşı olmasını təsdiq edən pasportdur. Onun şəxsiyyətini təsdiq edən başqa etibarlı heç bir sənəd yoxdur. Ərizəçi 1976-cı il tarixdə nikaha daxil olaraq Azərbaycan Respublikasına gəlmiş, birgə nikahdan onun beş övladı doğulmuşdur. Övladları Azərbaycan Respublikasının vətəndaşıdırlar. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən ərizəçinin dövlət sərhəddindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Bütün sübutların məcmusu onu deməyə əsas verir ki, ərizəçi keçmiş SSRİ vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır və onun şəxsiyyətini təsdiq edən heç bir digər etibarlı sənədi mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının barədə işlərə baxır. 310.1-ci maddəsinə əsasən əizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Göstərilən qanunvericilik normalarına əsaslanaraq və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin keçmiş SSRİ vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması, şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmamaqla heç bir dövlətin vətəndaşlığına mənsub olmaması müəyyən edildiyindən, verilmiş ərizə təmin edilməli, Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09.10.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-532/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-532/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver