Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-577/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh gəlirlərindən uşaqları xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat (yüz yetmiş manat) və 50 manat analıq haqqı cəmi 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh və onun ikinci ailə qurduqları üçün el adəti ilə toy əvəzinə "kompaniyaları" olub, xx.xx.2019-cu ildə rəsmi nikahları Gəncə ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Qeydiyyat şöbəsi tərəfindən 339 nömrə ilə qeydiyyatdan keçirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adında bir övladları olmuşdur. Məlum etməlidir ki, hazırda övladları 3 aylıq körpədir, onun süd yeməkləri olan "Nutrlak və sair, gündə 4-5 dəfə uşaq yeməlidir, onun pampersi və s xərcləri var. Çünki cavabdeh uşağı ilə maraqlanmır. Hazırda cavabdehlə birgə yaşamaları mümkün deyil. Cavabdeh bütün bunlara baxmayaraq uşağı ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Cavabdeh ilə birgə yaşadıqları dövrdə də ailədə yersiz mübahisələr yaratmış və o zaman ona xəsarətdə yetirmişdir bu barədə hüquq mühafizə orqanına Polisə şikayət etmişdir. Qeyd etməlidir ki, o övladlarını neçə vaxt müalicə götürərək, sistem altında "keysəriyə əməliyatı keçirərək" dünyaya gətirmişdir. Hamiləliyi çox ağır keçirmişdir. Bu barədə həkimin sənədi mövcuddur. Cavabdeh ilə o faktiki ayrılmışdır və ayrı yaşayırlar. 3 aylıq körpələri onun himayəsində yaşayır. Cavabdeh nə əvvəl nə də ayrıldıqdan sonra ona və onun himayəsində olan 3 aylıq körpə övladlarına heç bir maddi köməklik göstərmir, öz üzərinə düşən valideynlik borcunu yerinə yetirmir və bu məsuliyyətindən yayınır. Əlavə məlum edir ki, cavabdeh uşağın maddi tələbatına da heç bir köməklik göstərmir və marağında deyildir. Cavabdeh usta kimi fəaliyyət göstərir dəmir işləri görür və ayda 600-700 AZN məbləğində gəliri olur və maddi vəziyyəti hazırda yaxşıdır. xahiş edir nəzərə alınsın. Çünki, cavabdeh ona bir manatda belə xərcləməmiş, daimi onun atası onlara maddi köməklik göstərir. İşin məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 170 manat aliment və uşağın 3 yaşına çatana kimi onun üçün 50 manat aliment təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, uşağının xəstə olmasını, nikahın pozulmadığını və uzun müddət cavabdehlə ayrı yaşamalarını, bu müddət ərzindən cavabdeh uşağın saxlanılması üçün heç maddi köməklik göstərməməsini, uşaq balaca olduğundan heç bir yerdə işləmədiyini bildirib, iddianın təmin olunmasını, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi onun üçün əlavə 50 manat onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, 1-ci ailəsindən aliment öhdəliyi olmuş və daha sonra dayandırılmışdır. Hazırda işsizdir və heç bir yerdə işləmir. İddia tələbi ilə razılaşmır. Alimenti ödəməyə maddi imkanı yoxdur. İş materiallarına əlavə olunmuş ******* nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, X5 küçəsi, ev 2 V ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 316790 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində Gəncə “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 339 nömrə ilə qeyd aparılmış, arvad Əsədova soyadını götürmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 506532 nömrəli doğum haqqına şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxxxxxxx 2020-ci ildə X2 anadan olmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla evlənmişlər və onların ailə münasibətlərindən xx xxxxxxxx 2020-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmamış, lakin uzun müddətdir ayrı yaşayırlar və bu müddət ərzindən birgə nikahdan olan uşaq anasının yanındadır. Cavabdeh uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı qızı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi verərək, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 170 manat aliment və uşağın 3 yaşına çatana kimi ona 50 manat aliment təyin edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. İddia tələbinin birgə nikahdan doğulmuş uşağın 3 yaşına çatanadək cavabdeh olan ərdən 50 manat sabit pul məbləğində alimentin iddiaçı olan arvadın xeyrinə tutulması hissəsini əsassız hesab edərək məhkəmə qeyd edir ki, maddənin məzmunundan aydın olur ki, zəruri vəsaitə malik olan tərəf digər tərəfə aliment ödəməlidir. Lakin hazırki iş üzrə cavabdeh olan ərin zəruri vəsaitə malik olmasını və daimi qazancının olmasını müəyyən etmək mümkün deyil, həmçinin bu halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iddia tələbi bu hissədə əsaslandırılmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayarı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalı, xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulması xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-577/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-577/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver