Məhkəmə qərarları › İş №2(043)-601/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-601/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-601/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin nümayəndəsi X1 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestrdə 8İ-28114 nömrə ilə qeyd edilmiş Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 22.06.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən ona dövlət ipoteka krediti ayrılmış və həmin kredit hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır və bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit alınarkən onunla "xxxx" ASC arasında nikah 30.08.2018-ci il tarixdə, PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi imzalanmış və Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən ev əmlak sığortası növü ilə sığorta olunmuşdur. 22 iyul 2019-cu il tarixdə yuxarıda adıçəkilən fərdi yaşayış evində yanğın hadisəsi (sığorta hadisəsi) baş vermişdir. O, dərhal bu barədə müvafiq dövlət orqanlarına və sığorta şirkətinə məlumat vermişdir. Sığortalanmış əmlaka Bakısığorta ASC-nin əməkdaşları və ekspertləri tərəfindən baxış keçirilmiş və 18 yanvar 2020-ci il tarixli hesabat tərtib edilmişdir. O, hesabatla razılaşmamış və sığorta ödənişinin alınması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 18235 manat məbləğində sığorta ödənişinin Bakısığortadan alınaraq ona ödənilməsi qət edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə fors major hallar baş verdikdə öhdəliklərin icra edilməməsi məsuliyyət yaratmır. Bundan əlavə, fərdi yaşayış evinin yanğın nəticəsində yanıb kül olması, fərdi yaşayış evini 80-90 faiz yararsız hala gətirmişdir. Bu səbəbdən həmin fərdi yaşayış evindən istifadə edə bilmir. Yanğın hadisəsi baş verdikdən dərhal sonra dövlət orqanlarına, sığorta şirkətinə və banka məlumat vermişdir. Sığorta şirkətinin əvvəlcə ona 6 min, sonra 9 min, nəhayət 10 min təklif etməsi, lakin Səbail Rayon Məhkəməsinin 18235 manat sığorta ödənişi təyin etməsi onu sübut edir ki, sığorta şirkətinin laqeydliyi ucbatından evini təmir etdirə bilməmişdir. Evdə yaşamadığı halda isə kreditə faizlər hesablanır. Bu isə nə qanuni, nə də ədalətlidir! Belə ki, onun krediti istehlak krediti yox, dövlət ipoteka kreditidir. Kredit ev alım, orada yaşay deyə verilmişdir. İpoteka predmeti yanıb kül olduğu halda, öhdəliklərin icra edilməməsi məsuliyyət yaratmamalıdır. Bu səbəbdən Gəncə regional ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən verilən icra qeydini qanunsuz və əsassız hesab edir. Notariat ofisi icra qeydi verməzdən öncə öhdəliklərin gecikdirildiyini öyrənməli, işin faktiki hallarına qiymət verməli, öhdəliklər gecikdirilmişdirsə icra qeydi verməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, sözügedən icra qeydi qanuni və əsaslı şəkildə tərtib edilmişdir. İcra qeydi tərtib edilərkən qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, öhdəliklərin icrası vəziyyətinə dair 24.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 08.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini 20.10.2021-ci il tarixə, yəni tutma yönəldilməsinin başlandığı günə qədər gecikdirməklə icra etmişdir. 08.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik ödəniş qrafikinə uyğun icra olunmadığı üçün eyni tarixli kredit müqaviləsinin 4.2-ci bəndinə görə bu müqaviləyə əsasən verilmiş 45000 manat məbləğində kredit vaxtından əvvəl tələb oluna bilər. Beləliklə, təqdim olunan sənədlərdən görünür ki, ipoteka predmetlərinə tutma yönəldilməsi üçün “İpoteka haqqında" Qanunun 34.1.1 və 34.1.3-cü maddələrində göstərilən əsaslar mövcud olmuşdur. Gəncə "ASAN XİDMƏT” Mərkəzində Notariat Kontoru tərəfindən 22.11.2021-ci il tarixdə ipoteka saxlayan bankın müraciətinə əsasən iddiaçıya məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinə tutma yönəldilməsi barədə icra qeydi aparılmışdır. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İcra qeydi aparılarkən "Notariat haqqında" Qanunun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi baradə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC (bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış 08.05.2007-ci il tarixli, 07050278 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borclana 300 ay müddətinə illik 5 faiz dərəcəsi ilə 45000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC (kreditor-ipoteka saxlayan), X3 (satıcı) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış 07050278 saylı, 08.05.2007-ci il tarixli Alqı-Satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, 53000 manat dəyərində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin 8000 manatı alıcının özü tərəfindən, qalan 45000 manat isə ipoteka saxlayan tərəfindən 08.05.2007-ci il tarixli 07050278 saylı Kredit müqaviləsinə əsasən alıcıya verilmiş kredit hesabına ödənilərək və ipoteka ilə yüklü edilərək, alıcı-İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 24.09.2021-ci il maliyyə arayışından görünür ki, İddiaçı 08.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 15422,97 manat ödəniş etmiş, onun bank qarşısında 29577,03 manat əsas borc, 2875,11 manat faiz borcu olmaqla, cəmi 32452,14 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan 16.07.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 20.10.2021-ci il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış əsas və kredit borcunu 20 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı ünvan 4 ünvanına göndərilmiş, 25.10.2021-ci il tarixdə borclunun ünvanında poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 08.05.2007-ci il tarixli, 07050278 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 29577,03 manat əsas borcu, 2875,11 manat faiz borcu olmaqla, ümumilikdə 32452,14 manat borcu vardır. Gəncə "ASAN XİDMƏT” Mərkəzində Notariat Kontoru tərəfindən tərtib edilmiş 22.11.2021-ci il tarixli 8İ-28114 reystr nömrəli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin surətindən görünür ki, ipotekasaxlayan "xxxx" ASC-nin tələbi ilə ipotekaqoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 29577,03 manat əsas borc, 2875,11 manat faiz borcu olmaqla, cəmi 32452,14 manat borc üzrə tutma yönəldilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə "xxxx" ASC arasında 08.05.2007-ci il tarixli kredit müqaviləsi, həmçinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 45000 manat kredit verilmiş, həmin məbləğ hesabına iddiaçı ünvan 6 ünvanda yerləşən mülkü əldə etmiş və həmin mülk bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini 90 gündən artıq müddət ərzində icra etmədiyindən, bank qarşısında 32452,14 manat borcu yaranmışdır. Bank tərəfindən 20.10.2021-ci il tarixdə borcluya yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmin bildiriş 25.10.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, borclu tərəfindən ona verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən 22.11.2021-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.05.2007-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçının müqavilənin qüvvədə olduğu müddət ərzində 29577,03 manat əsas borc və 2875,11 manat faiz borcu olmaqla, cəmi 32452,14 manat məbləğində ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı kredit müqaviləsi üzrə cəmi 15422,97 manat ödəniş etmişdir ki, həmin məbləğ həm əsas borcun ödənilməsinə, həm də faiz borcunun ödənilməsinə yönəlmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" ASC icra qeydinə əsasən borcludan 29577,03 manat əsas borc və 2875,11 manat faiz borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iddiaçı kredit məbləğinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən fərdi yaşayış sahəsinin əldə edilməsinə yönəldiyini, lakin həmin fərdi yaşayış evində yanğın baş verdiyini və baş verən sığorta hadisəsi nəticəsində sığorta şirkətindən əldə edəcəyi məbləğ hesabına borcunu ödəmək niyyətində olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, kredit vəsaiti hesabına əldə edilmiş fərdi yaşayış evində yanğının baş verməsi, bankın kredit müqaviləsindən irəli gələn hüququnu tələb etmək, eləcə də tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququnu aradan qaldırmır. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdeh Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar