Məhkəmə qərarları › İş №2(043)-609/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-609/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-609/2022 16.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.06.2016-cı il X2 və 29.10.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat pulun tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə birgə nikahlarından 29.10.2018-ci il təvəllüdlü X6 və 12.06.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment qərəzli olaraq ödənilmir. Cavabdeh əvvəllər hərbçi olmuş, hazırda isə təxris olunduğundan sabit əmək haqqı yoxdur. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi üzrə təyin edilmiş alimentin dəyişidirilməsi və hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, onun əmək haqqından aliment tutulması barədə məhkəmə qətnaməsi qəbul olan zaman hərbiçi olsa da, hazırda təxris olunmuşdur. Hazırda başqa yerdə işləyir, lakin 300 manat əmək haqqı alır. Onun iddia tələbində göstərilən aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Eyni zamanda hal-hazırda ailəlidir, bir uşağı vardır. Odur ki, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şahadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12.06.2016-cı il tarixdə X5 və 29.10.2018-ci il tarixdə X6 doğulmuşdur. Şəhadətnamələrin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1371/2020 saylı 10.08.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 12 iyun 2016-cı il təvəllüdlü X2 və 29 oktyabr 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahından 18.05.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Zəhra və Əli adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Həmin uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. İddiaçı bundan əvvəl cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin tələbdə alimentin cavabdehin qazancının müəyyən hissəsi şəklində tutulması xahiş olunmuş və iddia tələbi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin daimi qazanc əldə etdiyi iş yeri olduğundan onun qazancının 1/3 də bir hissəsi miqdarında tutulması qət edilmişdir. Hazırda isə cavabdeh əvvəl işlədiyi iş yerində (hərbiçi) işləmədiyindən, alimentin tutulmasının icra edilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsini və sabit pul məbləğində tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqların saxlanılması üçün valideynlərdən tutulan aliment onların qazancının və başqa gəlirlərinin hissəsi ilə müəyyən edilir. Bu qaydada kənara çıxmağa yalnız Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda və alimentin sabit pul məbləği ilə tutulmasına dair tələb edən şəxsin xahişi olduqda yol verilir. Beləliklə qanunvericilikdə alimentin sabit pul məbləği ilə tutulmasının əsası kimi tələb edən şəxsin xahişinin olması mütləqdir. Hazırda iddiaçı alimentin sabit pul məbləği ilə tutulmasını istədiyi üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən tərəflərin birgə yaşayışlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1371/2020 saylı 10.08.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 12.06.2016-cı il X5 və 29.10.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar