Məhkəmə qərarları › İş №2(043)-757/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-757/2022

05.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-757/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.12.2021-ci il tarixli K-157 nömrəli əmrini ləğv edərək, onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ixtisasca iqtisadçı - mühasibdir və müxtəlif illərdə müxtəlif idarələrdə peşəsi üzrə vəzifəsində çalışmışdır. 2007-ci ildən Təhsil şöbəsində baş mühasib, 2016-cı ildən isə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yarandığından 02.02.2016-cı il tarixdən adı çəkilən idarədə Göygöl rayonu üzrə “aparıcı məsləhətçi” vəzifəsində işləmişdir. 13.12.2021-ci il tarixdə 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanov K-157 nömrəli əmrlə “AR TN 18.11.2021 il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrə əsasən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Hesab edir ki, onun işdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməsi və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşması kimi hallar baş verməmişdir. Əksinə daima yaxşı işçi olduğuna görə əmək haqqına əlavə mükafatlar verilmişdir. Onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair hər hansı bir sənəd mövcud deyildir. Əksinə o, nümunəvi işçi olduğuna görə, bir neçə dəfə təltif olunmuş, müxtəlif medallar və fəxri fərmanlara layiq görülmüşdür. Həmçinin, onun əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi göstərilən AR Təhsil Nazirliyinin 18.11.2021 il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair Əmr və məktəblərdə aparılmış araşdırmaların nəticələri barədə arayışla tanış olduqda onun hər hansı bir əmək qanunvericiliyinin pozuntusu, inzibati və ya cinayət məsuliyyəti yaradan pozuntu və ya əmrdə göstərilən vəzifə səhlənkarlığı kimi nöqsanlar qeyd edilməmişdir. Çünki belə bir hallar mövcud deyil. Eyni zamanda işdən çıxarılarkən onun izahatı alınmamış və müqaviləyə xitam verilmə barədə həmkarlar ittifaqının müvafiq rəyi və razılığı alınmamışdır. Sözügedən əmri 15.12.2021-ci il tarixdə şəxsən müraciət etdikdən sonra 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən almışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının işlədiyi məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlama aparılmış və bir sıra nöqsanlar aşkar edilmişdir Yoxlamanın nəticələrinə dair Təhsil Naziri tərəfindən verilmiş əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşıldığına görə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi əmr edilmişdir. Bu səbəbdən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisinin 13.12.2021-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə başqa heç bir əlavə araşdırma aparmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi ona verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun izahatı alınmamış, bu barədə həmkarlar ittifaqının rəyi öyrənilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialalrından görünür ki, işəgötürən Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə işçi İddiaçı arasında 02.02.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Söhrab İsa aparıcı məsləhətçi kimi işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin 18.11.2021-ci il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair Əmrin surətindən görünür ki, yoxlamanın əhatə etdiyi dövrlərdə Göygöl rayonu üzrə aparıcı məsləhətçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi X2 k-157 nömrəli 13.12.2021-ci il tarixli əmrindən görünür ki, Mərkəzin aparıcı məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Təhsil Nazirinin 18.11.2021-ci il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 13.12.2021-ci il tarixdən ləğv edilmiş və ona son haqq hesab ödənilməsi əmr edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 02.02.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, əmək müqaviləsinə əsasən iddiaçı aparıcı məslətçi peşəsi (vəzifəsi) üzrə işə qəbul olunmuşdur. İddiaçı onun qanunsuz və əsassız işdən çıxarıldığını, yəni işdən çıxarılarkən onun izahatının alınmadığını, eyni zamanda qanuna uyğun olaraq həmkarlar ittifaqı təşkilatının razılığının alınmadığını, eləcə də heç bir əmək pozuntusuna yol vermədiyini əsas gətirərək, işdən çıxarılmasına dair əmrin ləğv edilməsini, əvvəlki işə bərpa olunmaqla, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, Təhsil Nazirinin 18.11.2021-ci il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifənin icrasına səhlənkar yanaşdığına görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin təmin olunması əmr edildiyinə görə, işə götürən Təhsil Nazirinin həmin əmrini əsas götürərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bu səbəbdən hesab edir ki, işə götürən (cavabdeh) iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh AR Təhsil Nazirinin 18.11.2021-ci il tarixli K-1400 nömrəli yoxlamanın nəticələrinə dair əmrinə əsasən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyini, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəsinin icrasına səhlənkar yanaşdığını əsas götürsə də, qeyd edilən halla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf məhkəməyə sadəcə “Göygöl və Kəlbəcər rayonlarında aparılmış araşdırmanın nəticələri barədə arayış” təqdim etmişdir ki, həmin arayışdan, arayışın kimin tərəfindən, hansı tarixdə tərtib edildiyi göstərilməmiş, həmçinin arayış imzalanmamışdır, bu səbəbdən həmin sənəd Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin sənəd sübut kimi qəbul edilsə belə, qeyd olunan arayışda cavabdeh İddiaçılə bağlı heç bir məlumat qeyd olunmamış, ümumiyyətlə həmin arayışın İddiaçılə birbaşa və dolayı olaraq bağlığı müəyyən edilməmişdir. Cavabdeh tərəf İddiaçılə bağlanmış əmək müqaviləsinə onun əmək funksiyasına keyfiyyətsiz yerinə yetirməsinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifəsinin icrasına səhlənkar yanaşması ilə əsaslandıraraq Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam versə də, həmin hallarla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəzifələrindən biri də Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsində “ç” bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsası qeyd olunmuşdur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə (yəni işəgötürənin təşəbbüsü ilə) müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən bunun zəruriliyini kifayət qədər əsaslandırmamış, bu barədə mötəbər sübutlar əldə etməmiş, araşdırma aparmamış, yalnız Təhsil Nazirinin 18.11.2021-ci il tarixli, K-1400 nömrəli əmrinə əsaslanaraq əmək müqaviləsini ləğv etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən həmkarlar ittifaqının razılığı alınmalıdır. Lakin, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, həmkarlar ittifaqının razılığı alınmamış, bununla da Əmək Məcəllənin 80-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd edilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən biri kimi “bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tədbirini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Lakin, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından məlum olur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən onun yazılı izahatı alınmamışdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən, bu barədə lazımi araşdırma aparılmadığından, əmrdə bunun zəruriliyi əsaslandırılmadığından, eləcə də əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, verilmiş iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 13.12.2021-ci il tarixli K-157 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar