Məhkəmə qərarları › İş №2(043)-79/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-79/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-79/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, x1 katibliyi, İddiaçı x4 nümayəndəsi x3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxxxxx» ASC-nin xeyrinə 12792.30 ABŞ dolları əsas, 8701.47 ABŞ dolları faiz, 4671.06 ABŞ dolları cərimə olmaqla, cəmi 26164.83 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 məxsus Samux şəhəri, Alıncalı küçəsində yerləşən 0.11 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin evin torpaq sahəsi ilə birgə açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi,fərdi yaşaış evinin satışından 1 ay sonra istifadə hüquqlarının itirilmiş hesab edilməsi,evdən çıxarılması və evin boşaldılması, məhkəmə xərclərinin əvəzi olaraq ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu vı 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxx» ASC-in nümayəndəsi x5 iddianı müdafiə edərək izahatında göstərdi ki, 29 iyul 2015-ci il tarixli 109.LN.2106.290715.00001 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 müddətinə illik 21% ödəmək şərti ilə 14 000 (on dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. 29 iyul 2015-ci il tarixli 109.LN.2106.290715.00001 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edilməsi üçün «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin şərtlərinə görə cavabdeh Samux şəhəri Alıncalı küçəsində yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka qoymuşdur. Cavabdehin 26.02.2019-cu il tarixə olan borcu 12792.30 ABŞ dolları əsas. 8701.47 ABŞ dolları faiz, 4671.06 ABŞ dolları cərimə olmaqla, cəmi 26164.83 ABŞ dolları təşkil edir. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, bankdan götürdüyü kredit ABŞ dolları olduğu üçün dolların manata olan məzənnəsinin qalxması ilə bağlı ödənişi apara bilməmişdir. Banka olan borcunu ödəməyə etirazı olmadığını, ipoteka predmeti olan evdən heç kimin istifadə etmədiyini və qeydiyyatda olmadığını, banka olan borcunu hissə-hissə ödəyəcəini göstərərək iddia tələbinin cərimə hissəsində təmin olunmamasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsindən görünür ki, «xxxxxxx» ASC tərəfindən cavabdeh Cavabdeh1 36 müddətinə illik faiz dərəcəsi 21% faiz olmaqla 14000 ABŞ dolları məbləğində, kredit verilmişdir; 31 iyul 2015-ci il tarixli, 109.CL.290715.00001/a nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Samux şəhəri, Alıncalı küçəsində yerləşən 129 kv.m olan fərdi yaşayış evi 0,11 ha torpaq sahəsi ilə birlikdə 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın dəyəri 37000 manat məbləğində müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08.08.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Samux şəhəri, Alıncalı küçəsində yerləşən ümumi sahəsi 129 kvm olan fərdi yaşayış evini 0,11 ha torpaq sahəsi ilə birlikdə 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsinin təminatı kimi 36 ay müddətinə «xxxxxxx» ASC-in xeyrinə yüklü etmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Samux şəhəri, Alıncalı küçəsində yerləşən ümumi sahəsi 129 kv.m olan fərdi yaşayış evi 0,11 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur; Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 18.03.2019-cu il tarixli, 205 nömrəli bildirişin surətindən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişi cavabdeh almışdır; İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 01.04.2019-cu il tarixli, 223 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş DƏDRX-in 3 saylı Gəncə ərazi idarəsində 02.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli, 20952 nömrəli ekspert rəindən görünür ki, Cavabdeh1 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə borcu 24 iyun 2015-ci il tarixə əsas borc üzrə 12915,48 ABŞ dolları, faiz borcu üzrə 8799,66 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 kredit müqaviləsi bağlanaraq, bank tərəfindən borcluya 36 ay müddətinə, illik 21 faiz olmaqla 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə bank arasında 31 iyul 2015-ci tarixli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 özünə məxsus olan Samux şəhəri, Alıncalı küçəsində yerləşən ümumi sahəsi 129 kv.m olan fərdi yaşayış evini 0,11 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoymuşdur. Cavabdeh keçən müddət ərzində bankdan götürdüyü kredit borcunu vaxtı vaxtında ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəziniödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasıüçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 36 ay müddətinə illik 21% faiz dərəcəsi ilə 14000 ABŞ dolları məbləğində kredit verərək üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi icra etməmişlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 4671,06 ABŞ dolları cərimə məbləği azaldılaraq dolları həddində müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə 12792,30 ABŞdollarıəsas 8701,47 ABŞ dolları faiz və 671,06 ABŞ dolları cərimə olmaqla, cəmi: - 22 164,83 (iyirmi iki min yüzaltmış dörd ABŞ dolları 83 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbacan manat ıekvivalentində kredit borcu ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat xərc tutularaq ləğv prosesində olan «xxxxxxx» ASC-nin xeyrinə verilməli, tutma 31 iyul 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Samux şəhəri, Alıncalı küçəsindəyerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 129 kv.m olan fərdi yaşayış evinə yönəldilməklə həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 37 000 (otuz yeddi min) manat olmaqla satış xərcləri çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə «xxxxxxx» ASC-yə olan borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra vəsaitin artıq qalan hissəsi isə ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində Cavabdeh1 istifadə hüququna xitam verilməklə fərdi yaşayış evi boşaldılmalıdır. MPM-in119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 31 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəi 145,0 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 29 iyul 2015-ci il tarixli, 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə 12792,30 ABŞ dolları əsas, 8701,47 ABŞ dolları faiz və 671,06 ABŞ dolları cərimə olmaqla, cəmi: - 22 164,83 (iyirmi iki min yüz altmış dörd dollar səksən üç sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbacan manatı ekvivalentində kredit borcu,30.40 manat dövlət rüsumu və 31 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş xərc tutularaq ləğv prosesində olan «xxxxxxx» ASC-in xeyrinə verilsin. Tutma 31.07.2015-ci il tarixli, 109.CL.290715.00001/a nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 məxsus Samux şəhəri, Alıncalı küçəsində yerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 129 kvm olan fərdi yaşayış evinə yönəldilsin və açıq hərracda satılsın. Həmin fərdi yaşayış evinin 0,11 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 37000 (otu yeddi min) manat olmaqla, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29 iyul 2015-ci il tarixli 109.LN.2106.290715.00001 nömrəli kredit müqaviləsi üzrə «xxxxxxx» ASC-yə olan borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 istifadə hüququna xitam verilməklə fərdi yaşayış evi boşaldılsın və evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145,0 (yüzqırxbeş) manat məbləğində pul vəsaiti Cavabdeh1alınaraq, büdcə təsnifatının kodu1 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar