Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-800/2021 09.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin aliment şəkildə tutularaq ona ödənilməsinə, həmçinin X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə xərc olaraq 200 manatın Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin aliment şəkildə tutularaq ona ödənilməsinə, həmçinin X2 3 yaşına çatanadək özünün maddi təminatı üçün hər ay sabit pul məbləği ilə 200 manat alimentin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxx 2019-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Belə ki, Ağa Məmmədov epilepsiya xəstəliyi ilə doğulmuşdur. Uşaq doğulduqdan sonra cavabdeh onun xəstəliyinin müalicəsi ilə maraqlanmamışdır. Bir neçə müddətdir ki, Cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqları müddət ərzində cavabdeh nə ona, nə də uşağına hər hansı maddi və ya mənəvi köməklik etməmişdir. Cavabdeh Cavabdeh N saylı hərbi hissədə gizir vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 1200 manata yaxındır. Bu qədər əmək haqqı almasına baxmayaraq, onlara hər hansı köməklik göstərmir. Həmçinin uşağı epilepsiya xəstəsi olduğundan onun aylıq müalicəsinə 200 manat pul xərcləyir. Uşağı xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Ona görə də məhkəmədə aliment və əlavə xərc tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik etmir. Uşağı xəstə olduğundan onu saxlamaqda çox çətinlik çəkir. Uşağı saxlamaq valideynlərin borcu olduğu halda, cavabdeh bu valideynlik borcunu yerinə yetirmir. Özü heç bir yerdə işləmir, çünki uşağı daimi baxım tələb edir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. İddianı uşağın saxlanılması üçün aliment ödənilməsi hissəsində qəbul edir və qazancının ¼ hissəsi miqdarında aliment verməyə razıdır. Lakin iddiaçının özünün təminatı üçün 200 manat ödəməyə maddi imkanı yoxdur. İddiaçı özü sağlam insandır, işləyə bilər. Banka kredit borcu olduğundan əmək haqqının xeyli hissəsi həmin borca tutulur. Buna görə də həmin hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 840 nömrəli məktubundan görünür ki, gizir Cavabdeh N nömrəli hərbi hissədə qulluq edir və hal-hazırda onun aylıq pul təminatı gəlir vergisi, üç faiz DSMF-yə ayırmalar və iki faiz icbari tibbi sığorta haqqı tutulduqdan sonra 622,36 manat təşkil edir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov və arvada Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə cavabdehin aylıq qazancının 622,36 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Tərəflərin nikahından doğulmuş uşağı üç yaşına çatanadək iddiaçının özünün təminatı üçün aliment tutulması hissəsində isə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Tərəflərin nikahından doğulmuş X2 üç yaşına çatmaması və hazırda anasının himayəsində olması, buna görə də iddiaçının işləmək imkanının məhdud olması, eyni zamanda qanunvericilikdə bu halda arvadın ərdən maddi yardım tələb etməsi hüququnun mövcudluğu nəzərə alınmaqla iddiaçının cavabdehdən maddi yardım tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, uşaq üç yaşına çatanadək iddiaçının özünün maddi təminatı üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 50 manat aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və X3 üç yaşına çatanadək İddiaçı təminatı üçün hər ay sabit pul məbləği ilə 50 (əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-800/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-800/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver