Məhkəmə qərarları › İş №2(043)-818/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-818/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-818/2021 09.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahın pozulması və birgə nikahından 05.05.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2011-ci ilin noyabr ayında el adəti ilə ailə qurmuşlar. Birgə nikahdan 05 may 2013-cü ildə İlahə adlı qızları anadan olmuşdur. Uşağıın anadan olmasından sonra cavabdehlə nikaha daxil olmuşlar. Buna qədər cavabdehin bəzi hərəkətləri nəticəsində faktiki olaraq ayrılmış, lakin sonradan uşağın normal böyüməsi səbəbindən onunla birgə yaşamağa məcbur olmuşdur. Cavabdehin bir çox yalan danışıqları və vədləri onu bezdirmişdir. Buna baxmayaraq ümid edib ki, hər şey qaydasına düşər. Nəhayət, cavabdeh 2020-ci ilin dekabr ayının sonuncu günü onu körpə uşaqla yaşadıqları evdən qovmuşdur. Onun bu hərəkətini heç cür bağışlaya bilmir. Bu səbəbdən hesab edir ki, artıq bu münasibət sona çatmışdır və birgə yaşamaları mümkün deyildir. Nikahın pozulması ilə yanaşı cavabdehdən aliment tutulması tələbi ilə çıxış edərək bildirir ki, hər bir valideyn uşağına qayğı ilə yanaşmalı, onun normal böyüməsi üçün hər bir köməklik etməlidir. Bu hər bir valideynin həm hüququ, həm də müqəddəs borcudur. O, valideyn olaraq uşağının normal böyüməsi üçün üzərinə düşən öhdəlikləri icra edir və hesab edir ki, cavabdeh də bu öhdəliyi icra etməlidir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-818/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə tərəflərin barışması üçün 3 ay müddət müəyyən edilmiş və məhkəmə iclası 09.06.2021-ci il tarixə saat 15:00-a təxirə salınmış, mülki işə baxılıb, qətnamə çıxarılanadək Cavabdeh 01.02.2021-ci il tarixdən başlayaraq 05.05.2013-cü ildə anadan olmuş X1 üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, 05.05.2013-cü ildə anadan olmuş X2 tərbiyəsi ilə məşğul olmaq istəyən şəxslərin (tərəflərin) həyat şəraitini müayinə etmək, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyi məhkəməyə təqdim etmək üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, nikahının pozulmasına razı deyil. Bununla yanaşı uşağının onun yanında saxlanılmasını istəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı 10.07.2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 398 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 05.05.2013-cü il tarixdə X3 anadan olmuşdur. Şəhadətnamənin ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İddia ərizəsindən və tərəflərin izahatlarından aydın oldu ki, tərəflər uzun müddətdir ayrı-ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onların barışması qeyri-mümkündür. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət yoxdur. Digər tərəfdən, məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş, lakin onlar təyin edilmiş müddət ərzində də barışmamışlar. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Tərəflər arasında nikah pozulduqdan sonra uşağın kimin yanında saxlanılması ilə bağlı mübahisə olduğundan, məhkəmə mülki işin materiallarını uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən valideynlərin həyat şəraitini müayinə etməyə və uşağın hansı valideyninin yanında saxlanılmasının onun mənafeyinə uyğun olması barədə rəy verilməsi üçün qəyyumluq və himayəçilik komissiyasına göndərmişdir. İş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının 08.06.2021-ci il tarixli, 03/536 saylı rəyinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 05.05.2013-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş X2 azyaşlı olmasını, hal-hazırda ana qayğısına daha çox ehtiyacının olmasını, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları anası İddiaçı yanında saxlanılmalıdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaq üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 01.02.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 10.07.2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 398 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin nikahından doğulmuş 05.05.2013-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlanılsın. Cavabdeh 05.05.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01.02.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin hesablanması zamanı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 818/2021 saylı, 10.03.2021-ci il tarixli qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləği nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar